CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Ağstafa su anbarının sahilində altı partlamış-yanmış mərmi aşkarlayıblar
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də saat 15:13-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Cəfərli kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunmuş ərazidə Ağstafa su anbarının sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ANAMA-nın mütəxəssisləri altı müxtəlif növ partlamış-yanmış mərmi aşkarlayıblar. Həmin sursatlar götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ANAMA tərəfindən yanvarın 1-dən iyulun 31-dək 3576 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 1, tank əleyhinə 4 mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. İlin əvvəlindən, ümumilikdə, 108 min 905 kvadratmetr ərazi yoxlanılıb.