CƏMİYYƏT
AQTİ əməkdaşları tvininq layihəsi çərçivəsində təcrübələrini bölüşüb
Bakı, 18 oktyabr, AZƏRTAC
“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə tvininq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib.
İnstitutun İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş layihə çərçivəsində bu il avqustun 14-dən 20-nə qədər Latviya Respublikasının paytaxtı Riqada fəaliyyət göstərən Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutunda (BIOR) səfərdə olan AQTİ-nin əməkdaşları tərəfindən təşkil edilib. Onlar görüşdə iştirak edən institutun digər əməkdaşlarına “Latviyada qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi” mövzusunda təşkil olunan səfər barədə ətraflı məlumat veriblər. Eləcə də onlarla təcrübələrini bölüşüblər.
Eyni zamanda görüşdə səfər zamanı əldə edilən təcrübəyə dair təqdimatlar olub. Bildirilib ki, səfər çərçivəsində laboratoriya mütəxəssisləri müxtəlif nümunə hazırlanma metodologiyasından istifadə etməklə bitki mənşəli məhsullarda pestisidlərin qalıqlarının təyini, mikotoksinlərin çoxkomponentli təyini və digər kimyəvi maddələrdən çirklənmənin təyini üzrə analiz prosesində iştirak edib, alınan nəticələrin təhlilini həyata keçiriblər.
Qeyd edək ki, tvininq layihəsinin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da təkmilləşdirmək, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırmaqdan ibarətdir.