CƏMİYYƏT
“ASAN Könüllüləri” Təşkilatı yeni layihələrə start verir
Bakı, 12 avqust, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı gənclərin asudə vaxtının səmərəli keçirilməsi, dünyagörüşünün və motivasiyasının artırılması, gənclər arasında dövlətçilik dəyərlərinin yüksəldilməsi, onların iş bacarıqlarının, psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yeni layihələrə start verib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, layihələr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
“ASAN Könüllüləri” tərəfindən Azərbaycanda ilk dəfə yerli və əcnəbi nümayəndələrin iştirakı ilə keçiriləcək “I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016”, respublika miqyasında könüllülük fəlsəfəsinin təbliği və könüllülük hərəkatını stimullaşdırmaq məqsədilə “Könüllülər yurdu - Azərbaycan”, gənclərin fərdi inkişafına təkan verərək karyera qurmaq yolunda ilkin addım atmalarına yardım etmək üçün “ASAN Akademiya” layihələri həyata keçiriləcək. Bundan başqa, gənclərdə kitab oxumağa maraq yaratmaq məqsədilə “Hərəyə bir kitab bölüşək”, gənclərin psixi sağlamlığının qorunması, onların psixoloji gərginlikdən azad olmaları, sağlam gənc kimi yetişmələri üçün “Gənc beyin”, gənc nəslə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq məqsədilə “ASAN Könüllülərinin II spartakiadası” layihələrinin reallaşdırılması nəzərdə tutulur. Qurum, həmçinin valideyn himayəsindən məhrum uşaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə onlarda dil biliklərinin təkmilləşdirilməsi istiqamətində rus və ingilis dili kurslarının keçiriləcəyi “Gələcəyə yatırım” və digər layihələri həyata keçirməyi planlaşdırır.
Layihələr ümumilikdə minədək gənci əhatə edəcək.
“ASAN Könüllüləri” Təşkilatı fəaliyyətdə olduğu müddətdə sosial məsuliyyəti artıran, gənclərə vətənpərvərlik ruhunu aşılayan, onların inkişafına yönələn, şəxsi inkişafın önəmini artıran, təhsilin və maariflənmənin, elmin və mütaliənin vacibliyini aşılayan yüzlərlə layihənin icraçısı olub. Qurumun həyata keçirdiyi həmin layihələr ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.