SİYASƏT
ATƏT SƏDRİNİN MƏTBUAT KONFRANSI
Ölkəmizdə səfərdə olan ATƏT-in hazırkı sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passi martın 16-da “Həyat park” mehmanxanasında Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Cənab Solomon Passi bildirdi ki, Bakıya birgünlük səfəri zamanı Azərbaycan rəhbərliyi, ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüşmüşdür. Bu görüşlərdə, əsasən, regionun başlıca problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət getmişdir. S.Passi vurğuladı ki, ATƏT məsələnin həlli ilə bağlı öz planını irəli sürsə belə, tərəflərin razılığı olmadan münaqişəni nizama salmaq çətin olacaqdır. Odur ki, ATƏT Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqların təşkilində yardımçı olacaqdır.
Azərbaycanda qarşıdakı bələdiyyə seçkilərindən danışan qonaq dedi ki, ATƏT bu seçkilərin keçirilməsində ölkəmizə kömək edəcəkdir.
Sonra ATƏT-in sədri jurnalistlərin çoxsaylı sullarına cavab verdi.