SİYASƏT
ATƏT-in Gürcüstandakı müşahidə missiyasının başçısı Azərbaycan səfiri ilə görüşüb
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Gürcüstandakı seçki müşahidəsi missiyasının başçısı, səfir Albert Yonson ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qarşı tərəfin xahişi ilə reallaşan görüşdə Cənubi Qafqaz regionunda gedən proseslər, Azərbaycan-Gürcüstan münasibətləri diqqət mərkəzində olub.
Səfir F.Quliyev Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hər iki xalqın rifahına xidmət etdiyini və Cənubi Qafqazda dayanıqlı inkişafı təmin edən əsas təkanverici amil olduğunu diqqətə çatdırıb. Cənubi Qafqaz bölgəsinin tərəqqisinə xidmət edən Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı və digər proseslər barədə ətraflı məlumat verib.
Bildirib ki, Gürcüstanın sabitliyi və dayanıqlı inkişafı Azərbaycan maraqlarına tam cavab verir.
Səfir A.Yonson başçılıq etdiyi missiyanın fəaliyyətə başladığı dövrdən etibarən gördüyü işlərdən bəhs edib. O, seçkilər günü çoxlu sayda missiya üzvlərinin həm Tbilisidə, həm də Gürcüstanın bölgələrində müşahidələr aparacağını söyləyib. Bildirib ki, əsas məqsəd seçki proseduralarına riayət olunmasına diqqət yetirməkdir.
Səfir A.Yonson Gürcüstanda həyata keçirdiyi görüşlər arasında Azərbaycan səfirliyində də qəbul olunmasına görə minnətdarlıq ifadə edib və ölkəmizə qarşı səmimi rəğbət bəslədiyini söyləyib.
Səfir F.Quliyev qonağa məsuliyyətli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi