İQTİSADİYYAT
“AVRASİYA İŞ ADAMLARI BİRLİYİ YOLUNDAI BAKI GÖRÜŞÜ”NÜN YEKUN SƏNƏDİ -BAKI BƏYANNAMƏSİ İMZALANMIŞDIR
Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyətinin sədri Əhməd Erentok başçılıq etdiyi qurumun təşəbbüsü ilə keçirilmiş toplantının yekunlarından danışmış, Avrasiya regionu iş adamlarının birləşməsində tədbirin rolunu qeyd etmişdir. Türk-Avrasiya Biznes Şuralarının sədri Toğrul Erkin, Türkiyə Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komitəsi sədrinin müavini xanım Ülkər Güzel çıxış etmiş, Avrasiya bölgəsində yerləşən türksoylu ölkələrin iş adamlarının yaranmaqda olan birliyini alqışlamış, ona uğurlar arzulamışlar. Vurğulanmışdır ki, Avrasiya İş Adamları Birliyinin yaranması xüsusilə Azərbaycan iqtisadiyyatının, onun qeyri-neft bölməsinin inkişafına, ölkəmizin regiondakı qonşuları ilə əlaqələrinin daha da canlanmasına, coğrafi-siyasi rolunun güclənməsinə imkan verəcəkdir.
Toplantının yekun sənədi - Bakı bəyannaməsi imzalanmışdır. Bəyannamədə bildirilir ki, Avrasiya İş Adamları Birliyinin yaradılması qərara alınmış, bu vəzifəni yerinə yetirmək üçün işçi qrupu müəyyənləşdirilmişdir. Birliyin məqsədi bölgədəki ölkələrin iqtisadi inkişafını təmin etmək, bu ölkələr arasında ticarət və iqtisadi, sosial və mədəni əməkdaşlığı gücləndirmək olacaqdır.
Avrasiya İş Adamları Birliyinin yaranması noyabrın sonu - dekabrın əvvəllərində İstanbulda keçiriləcək toplantıda elan ediləcəkdir.