REGİONLAR
AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINA DAİR 5 LAYİHƏ MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 10 dekabr (AZƏRTAC). Bakıda dekabrın 10-da Azərbaycan hökumətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə hazırladıqları Milli Ortamüddətli Prioritet Çərçivə Sənədində (MOPÇS) əksini tapmış 5 layihə üzrə yekun sənədə dair seminar keçirilmişdir.
Çərçivə sənədində kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması, təbii ehtiyatların mühafizəsi və idarə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və gəlir yaradılmasının davamlı təminatı, kənd infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı və kəndlərin inkişafı üzrə siyasət və qanunvericilik sisteminin gücləndirilməsi məsələləri öz əksini tapmışdır.
Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, layihələrin əsas məqsədi ərzaq təhlükəsizliyinin davamlı olmasının təminatına yardım etməkdir. Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları artıq istehlak olunan əsas məhsulların istehsalını təmin edir. Bu ilin 10 ayının nəticələrinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında əldə edilən artımın 3,5-3,6 faiz olduğunu vurğulayan nazir, ilin sonuna bu rəqəmin 4 faiz olacağını qeyd etmişdir.
FAO-nun ölkəmiz üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə Subregional koordinatoru Mustafa Sinaser Azərbaycanın istehsal sahəsində əldə etdiyi uğurların sevindirici olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, 1995-ci ildən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvü olan Azərbaycanla qurum arasında əlaqələr daha da güclənmişdir. FAO-nun indiyədək Azərbaycanda 6 milyon dollar dəyərində layihə maliyyələşdirdiyini vurğulayan M.Sinaser, 2009-cu ildə təşkilatın ölkəmizdə 6 layihəyə 2 milyon dollar dəyərində vəsait ayırdığını bildirmişdir. Qeyd etmişdir ki, müzakirə edilən layihələr növbəti 3 il müddətində həyata keçiriləcəkdir.
Digər çıxışlarda da FAO-nun Azərbaycanda maliyyələşdirdiyi layihələr yüksək qiymətləndirilmiş və bunun ölkəmizdə kənd təsərrüfatının inkişafında əhəmiyyətli olacağı bildirilmişdir.
Seminarda müzakirəyə çıxarılan və təklif edilən layihələr hökumət nümayəndələrinin iştirakı ilə seçiləcəkdir. Beynəlxalq donor təşkilatları müəyyənləşdirildikdən sonra sazişin icrası ilə bağlı müqavilə imzalanacaqdır.
######