SİYASƏT
AZƏRBAYCANDA MİLLİ AZLIQLARIN HÜQUQLARI ETİBARLI MÜDAFİƏ OLUNUR
Ölkəmizdə səfərdə olan Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti aprelin 2-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan nazir Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar, milli azlıqların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlər, o cümlədən Azərbaycanın bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşulması, azsaylı xalqların ictimai birlikləri barədə ətraflı məlumat vermiş, xalqımızın öz tarixi ənənəsinə sadiq qalaraq milli azlıqlara və onların hüquqlarına daim hörmətlə yanaşmasını qeyd etmişdir.
Azərbaycanda milli azlıqların hüquqlarının etibarlı müdafiə edilməsinin şahidi olduqlarını bildirən nümayəndə heyətinin başçısı Asbyorn Eyde (Norveç) bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsini razılıqla vurğulamış, əhalinin hüquqi maarifləndirilməsi üzrə aparılan işi yüksək quymətləndirmiş, Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası müddəalarının həyata keçirilməsi məsələlərinə toxunmuşdur.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə qonaqları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Qəbulda ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin digər məsul işçiləri iştirak edirdilər.