MƏDƏNİYYƏT
AZƏRBAYCANDA RUSİYA MƏDƏNİYYƏTİ GÜNLƏRİ
Qeyd edək ki, 1994-cü ildən başlayaraq Rusiya ilə Azərbaycan arasında mədəniyyət günlərinin keçirilməsi ənənə şəklini almışdır. İyunun 12-dən 16-dək ölkəmizdə keçirilən növbəti Rusiya mədəniyyəti günlərində bakılılar qonşu ölkənin bir neçə kollektivi ilə ilk dəfə tanış olacaqlar. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki tamaşa (“Jizel” və “Napoleon Bonapart”) göstərəcək “Kreml baleti”, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək Sergey Jilinin rəhbərliyi altında “Fonoqraf-Caz Bend” kollektivi, Səməd Vurğun adına Rus Dram Teatrında iki səhnə əsərini (“Nəfs” və “Eleonora”) nümayiş etdirəcək Beynəlxalq teatr agentliyi “Art-Partnyor XXI” belə kollektivlərdəndir.
Mədəniyyət günləri çərçivəsində iki ölkənin mədəniyyət nazirləri arasında kitabxana sahəsində əməkdaşlığa dair müqavilə imzalanacaq, S.Bəhlulzadə adına Sərgi salonunda “Rusiyanı tanıdaraq” adlı fotosərgi açılacaqdır. Eləcə də rusiyanın tanınmış müğənniləri Bakı sənətsevərləri qarşısında çıxış edəcək, “Nizami” kinoteatrında bir sıra filmlər nümayiş olunacaqdır.