REGİONLAR
AZƏRBAYCANDA ÜZÜMÇÜLÜYÜN İNKİŞAFI ÜÇÜN GENİŞ PROQRAM HƏYATA KEÇİRİLİR
Müşavirəni kənd təsərrüfatı nazirinin səlahiyyətlərini icra edən İrşad Əliyev açaraq demişdir ki, “Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” əsasında ölkəmizdə üzümçülüyün inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Xüsusilə respublikamızın qərb, Yuxarı Şirvan zonalarında, Cəlilabad rayonunda süfrə üzümü sortlarının istehsalını artırmaq qərara alınmışdır. Bunun üçün xeyli iş görülmüşdür. Üç yüz sortdan çox üzüm bitkisi genefondu yaradılmışdır. Bu sortların bir qismi xarici ölkələrdən gətirilmişdir. Həmin genefondun imkanlarından istifadə edərək ölkəmizin hər bir bölgəsində üzümlüklər salınacaqdır. Eyni zamanda, üzümlüklərin salınmasında əvvəllər yol verilmiş səhvlər nəzərə alınacaqdır.
Müşavirədə qeyd edilmişdir ki, dağlıq və dağətəyi ərazilərdə üzumçülüyün inkişafı daha yaxşı səmərə verir. Çünki bu şəraitdə yetişdirilən üzümun şəkərliliyi, keyfiyyəti yaxşı şərab istehsalı üçün mühüm şərtlərdir.
Natiq bildirmişdir ki, respublikamızda xəstəliklərə davamlı tinglərin istehsalına başlanmış, calaqaltı və calaqüstü üzümlüklərin salınması üçün xüsusi proqram hazırlanmışdır. Beləliklə, Azərbaycanda üzümçülük tezliklə kənd təsərrüfatının gəlirli sahələrindən birinə çeviriləcəkdir.
Müşavirədə bildirilmişdir ki, respublikamızda üzümçülüklə yanaşı şərabçılıq da inkişaf edir. “Gəncə şərab-2” səhmdar cəmiyyəti, “Tovuz-Baltiya” şirkəti, Bakının şərab zavodları yüksək keyfiyyətli məhsul istehsalında müəyyən təcrübə toplamışlar.
İ.Əliyev onu da vurğulamışdır ki, Azərbaycan şərablarının bir çoxu beynəlxalq müsabiqələrdə dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür.
Nazirliyin bitkiçilik idarəsinin rəisi Sabir Vəliyev üzümçülüyün inkişafına dövlət qayğısından danışaraq bildirmişdir ki, Moskvada keçirilmiş VII Beynəlxalq dequstasiya müsabiqəsində “Gəncə şərab-2” səhmdar cəmiyyətinin istehsal etdiyi “Karvansara”, “Qız qalası”, “Azərbaycan buketi” qırmızı süfrə şərabları, Kürdəmirdəki “Ağayev” kiçik müəssisəsinin “Şah tut” brendisi və Bakıdakı “Azəri” firmasının 3 adda pivəsi qızıl medallara və “Qran-Pri” mükafatına layiq görülmüşdür.
Mükafatlar və nazirliyin Fəxri fərmanları həmin müəssisələrin müşavirədə iştirak edən nümayəndələrinə təqdim olunmuşdur.
Bildirilmişdir ki, son 4-5 ildə Azərbaycan şərabları beynəlxalq müsabiqələrdə 31 qızıl, 14 gümüş, 7 bürünc medala, habelə 2 “Qran-Pri”, 8 Fəxri diploma layiq görülmüşdür.
Müşavirə iştirakçıları nazirliyin dequstasiya zalında Azərbaycanın şərab məhsullarından ibarət sərgi ilə tanış olmuşlar.