SİYASƏT
AZƏRBAYCANIN ABŞ VƏ İSRAİL İLƏ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tərkibinə Avrasiya Yəhudi Konqresinin liderləri də daxil olan nümayəndə heyətini salamlayan nazir, Azərbaycan ilə Birləşmiş Ştatlar arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən və bu münasibətlərin inkişafında ABŞ yəhudi icmasının rolundan danışmışdır.
Azərbaycan ilə İsrail arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunan E.Məmmədyarov, respublikamızın region dövlətləri ilə münasibətləri və ölkəmizin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələri də daxil olmaqla daha geniş enerji və nəqliyyat təhlükəsizliyinə, infrastrukturun inkişafına yönəlmiş beynəlxalq iqtisadi layihələrdəki rolu barədə də geniş söhbət açmışdır.
Nazir E.Məmmədyarov islam, iudaizm və xristianlığın əsrlər boyu dinc şəraitdə birgə mövcud olduğu ölkəmizdə tarixi dini dözümlülük ənənələrinin mövcudluğunu vurğulayaraq, Azərbaycan yəhudi icmasının qədim tarixindən və onun digər etnik qruplarla uğurla inkişaf edən əməkdaşlığından geniş söhbət açmışdır.
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona qədər qaçqın və məcburi köçkünün ağır vəziyyətdə yaşadığını vurğulayan nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə qonaqlara ətraflı məlumat vermişdir.
Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar barədə qonaqlara məlumat verən nazir, bu sahələrdə qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
Konfransın sədri Harold Tanner səmimi qəbula və səfər zamanı göstərilmiş köməyə görə yəhudi liderlərinin təşəkkürünü çatdırmış, ölkəmizə ABŞ və İsrail tərəfindən xüsusi əhəmiyyət verildiyini vurğulamış, Azərbaycan-ABŞ tərəfdaşlığının və respublikamızın İsrail ilə münasibətlərinin gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləmişdir.