Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANIN AVROPA AİLƏSİNƏ SIX İNTEQRASİYASI ARDICIL SURƏTDƏ DAVAM ETDİRİLƏCƏKDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN STRASBURQA SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli cənab sədr!

Xanımlar və cənablar, əziz qonaqlar!

Buraya dəvət olunmaq və Avropa Şurasında çıxış etmək mənim üçün böyük şərəfdir. Bu, həm də şəxsən mənim üçün çox xoş hadisədir. Cənab sədrin qeyd etdiyi kimi, mən üç il müddətində Avropa Şurası Parlament Assambleyasının üzvü olmuşam. Həyatımın bu dövrü mənim üçün, bəlkə də, ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı.

Azərbaycan yalnız üç il bundan əvvəl Avropa Şurasının üzvü oldu. Ondan əvvəl isə ölkə bir çox problemlərlə üzləşirdi. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycanda vəziyyət çox çətin idi. Bu, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan tam xaos dövrü idi. İqtisadiyyat sürətlə tənəzzül edirdi. Faktiki olaraq, ölkə dağılmaq ərəfəsində idi: vətəndaş müharibəsi, bir neçə hərbi çevriliş cəhdləri və əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü. Bu amillər ölkəyə normal, azad, iqtisadi tərzdə inkişaf etmək imkanı verə bilməzdi.

Yalnız keçmişin çətin irsini adladıqdan, ictimai-siyasi sabitlik təmin edildikdən sonra və Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi əldə olunandan sonra ölkə müxtəlif sahələrdə inkişaf etmək imkanı qazana bildi. İqtisadiyyatımızda artım başladı. Bu gün iqtisadi inkişaf baxımından Azərbaycan sürətlə inkişaf edən ölkədir. Son yeddi ildə ümumi daxili məhsulun artımı 90 faiz təşkil etmişdir, son 7 ildə inflyasiya 2-3 faizi aşmamışdır. Adambaşına düşən birbaşa xarici sərmayə baxımından Azərbaycan həm keçmiş SSRİ, həm də Mərkəzi Avropa ölkələri arasında aparıcı mövqedədir.

Bütün bu amillər, üstəgəl, irimiqyaslı iqtisadi islahatlar, torpaq islahatı, torpağın özəlləşdirilməsi və ümumiyyətlə, müəssisələrin özəlləşdirilməsi ölkəyə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurmağa imkan verdi. İndi ümumi daxili məhsulda özəl sektorun payı 75 faizə bərabərdir. Xüsusilə nəzərə alsaq ki, neft sektoru hələ də dövlətin inhisarındadır, onda bu, böyük rəqəmdir. Ümumi daxili məhsulda 75 faiz o deməkdir ki, praktiki olaraq, bütün ticarət, bütün sənaye növləri özəlləşdirilibdir.

Biz bunun yaxşı nəticələrini görürük. Ölkənin necə inkişaf etdiyini, iqtisadiyyatın artdığını görürük və bu, bizə nəhəng beynəlxalq layihələri həyata keçirmək imkanı verir. Bugünkü gündə dünyanın ən iri enerji layihəsi Azərbaycanda həyata keçirilir. Artıq 10 ildir ki, Azərbaycan karbohidrogen ehtiyatlarından dünyanın aparıcı şirkətləri ilə birlikdə istifadə edir.

Bu, çox uğurlu təcrübədir. Özü də bu uğurun bir neçə əsas elementi var. Birincisi, çox gözəl sərmayə mühitinin olmasıdır. Bizim sərmayəçilər özlərini və sərmayələrini təhlükəsiz hiss edir və əmindirlər ki, qoyduqları vəsait lazımınca qorunur. Azərbaycandakı bütün əsas sərmayə layihələri parlamentimiz tərəfindən ratifikasiyadan keçib qanun statusu almışdır. Onları heç kim dəyişə bilməz. Digər səbəb şəffaflıqdır. Şəffaflıq da neft-qaz sektorunda və ümumiyyətlə, bütün istehsal sahələrində uğurun əsasını təşkil edən elementlərdəndir. Azərbaycan bu mənada nəzərəçarpacaq nailiyyət qazanmışdır. Biz hasilat sənayelərində şəffaflıq təşəbbüsünə lap əvvəldən qoşulmuşuq və regionda bu prosesdə liderliyimizi davam etdirmək əzmindəyik.

Beynəlxalq maliyyə təsisatları ilə çox sıx əlaqələrimiz və əməkdaşlığımız var. Xüsusilə də, Beynəlxalq Valyuta Fondu ilə. Bu təşkilatla biz əsas iqtisadi xəttimizi razılaşdırırıq. Bütün bu amillər ölkəyə milyardlarla dollar vəsait cəlb etməyə imkan verdi.

Son illər ərzində Azərbaycana qoyulmuş sərmayələrin miqdarı 17 milyard dollara bərabərdir. Bunun da 12 milyard dolları birbaşa xarici sərmayədir. Sərmayəçilər Azərbaycandakı ictimai-siyasi sabitliyə əmin olmasaydılar, hadisələrin gedişini əvvəlcədən proqnozlaşdıra bilməsəydilər, əlbəttə ki, onlar risk edib öz vəsaitlərini qoymazdılar. Biz bu siyasətimizi davam etdirməkdə tam qərarlıyıq. Növbəti üç il ərzində Azərbaycanın təkcə neft və qaz sənayesinə, təxminən, daha 10 milyard dollar sərmayə qoyulacaqdır.

Bu gün reallaşdırılan iri boru kəmərləri layihələri təkcə bizim ölkə, ərazilərindən kəmərlərin keçəcəyi digər ölkələr üçün yox, həm də bütün region üçün vacibdir. Bu layihələr regional təhlükəsizlik və sabitlik üçündür, regional əməkdaşlıq üçündür. Azərbaycan regional əməkdaşlıq sahəsində çox fəal ölkədir və bugünkü gündə bu əməkdaşlıq qənaətbəxşdir. Biz gələcəkdə də bu yöndə fəal rol oynamağa hazırıq.

Azərbaycanın Xəzər dənizindəki neft və qaz ehtiyatları ölkəmizə imkan verəcək ki, bunlardan düzgün istifadə edərək, iqtisadiyyatını hərtərəfli inkişaf etdirsin. Neft və qazın hasilatı və nəqli qarşımızdakı son məqsəd deyildir. Bu, yalnız iqtisadiyyatımızı hərtərəfli inkişaf etdirmək, müasir, sivilizasiyalı, iqtisadi cəhətdən güclü cəmiyyət qurmaq, siyasi islahatları gələcəkdə də həyata keçirmək və cəmiyyətin demokratikləşməsi yolunu davam etdirmək vasitəsidir. Əldə etdiyimiz nailiyyətlər və yaxın gələcəkdə həyata keçiriləcək layihələr, əlbəttə ki, ölkəmizin iqtisadiyyatını gücləndirməyə imkan verəcəkdir.

Azərbaycan lap yaxın gələcəkdə iqtisadi baxımdan çox güclü ölkə olacaqdır. 2005-2006-cı ildə artıq əsas neft və qaz kəmərləri işlək vəziyyətdə olacaq və layihədə iştirak edən bütün ölkələrə öz əhalisinin həyat səviyyəsini yaxşılaşdırmağa imkan verəcəkdir.

Amma əlbəttə ki, bütün bunlar ölkəmizin bugünkü həyatının yalnız bir hissəsidir. Ölkə inkişafdadır, həm iqtisadi, həm də sosial baxımdan inkişaf edir. Çoxsaylı sosial proqramlar həyata keçiririk. Bizim iqtisadi siyasətimiz bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. Amma büdcəmizin strukturuna nəzər salsanız, görərsiniz ki, büdcənin çox böyük hissəsi sosial məsələlərə yönəldilmişdir. Məncə, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası da uğurun əsaslarını təşkil edən amillərdəndir.

Ölkəmiz siyasi islahatlar sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Avropa Şurasının üzvü olduğumuz üç il müddət Azərbaycanın demokratiya yolu ilə irəliləməsində həlledici rol oynamışdır. Avropa Şurasının tövsiyələri ilə yeni-yeni qanunlar qəbul edilmişdir. Təşkilata üzv qəbul olunarkən ölkənin üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi də bu sahədə yardımçı olmuşdur. Ona görə də mən istərdim ki, Avropa Şurasındakı bütün həmkarlara öz səmimi minnətdarlığımı bildirim. Konstruktiv əməkdaşlıq, məsləhətlər, tövsiyələr, bölüşdüyünüz təcrübə - bunların hamısı Azərbaycan cəmiyyətinin gələcək demokratikləşməsinə, Azərbaycanın Avropa ailəsinə tam üzv olmasına xidmət etmişdir.

Yerinə yetiriləcək vəzifələr çoxdur. Həyatımızın bir çox sahələri beynəlxalq standartlara cavab vermir. Bunun obyektiv və bəzi hallarda subyektiv səbəbləri var. Müharibədən, işğaldan əziyyət çəkmiş, vətəndaş müharibəsi və digər faciəvi hallarla üzləşmiş ölkə birdən-birə tam demokratik və tam azad ola bilməz. Amma bu yol bizim seçimimizdir, strateji seçimimizdir. Prezident seçkilərindən sonra gedən proseslər, hökumətimizin qəbul etdiyi qərarlar bizim yüksək qiymətləndirdiyimiz dəyərlərə sadiq olduğumuzu göstərir. Bizim azad, demokratik, plüralist cəmiyyət qurmaq əzmimizi göstərir.

İqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan haqları qorunmursa, uğur qazana bilməzsən. Biz neft hasil edən bəzi ölkələrin təcrübəsini öyrənmişik və təəssüflə şahidi olmuşuq ki, onların heç də hamısında neft amili uğurla nəticələnmir. Bəzən neft amili firavanlıq gətirmək əvəzinə, mənfi hallarla müşayiət olunur. Ona görə də bütün bu mənfi təcrübəni görərkən biz qərarlıyıq ki, səhvə yol verməyək.

Eyni zamanda, ölkəmizin problemləri də çoxdur. Bizdə yoxsulluq var. Yoxsulluğa qarşı mübarizə aparırıq. Hazırda yoxsulluğun azaldılmasına dair Dünya Bankı ilə birlikdə proqram həyata keçiririk. Bizdə işsizlik var və iqtisadi və sosial-iqtisadi inkişaf proqramının əsas elementlərindən biri yüz minlərlə yeni iş yerləri açmaqdan ibarətdir və mən bunu rəsmi bəyan etmişəm.

Regionlara xüsusi diqqət yetiririk ki, yalnız paytaxt yox, əsas şəhərlər yox, bütün ölkə, Azərbaycanın bütün bölgələri hərtərəfli, dinamik inkişaf etsin. Ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzlərində hiss etməlidir. Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz - vətəndaşlara eyni şərait yaratmaq. Qoy iqtisadi artımdan, neft sənayesinin inkişafından hamı bəhrələnsin. Hər bir Azərbaycan vətəndaşı eyni hüquqlardan istifadə etsin. Bu yöndə bizim çox gözəl nailiyyətlərimiz var. Ölkəmizin ən böyük nailiyyətlərindən biri də etnik və dini dözümlülükdür. Yalnız müstəqillik dövründə deyil, Sovet İttifaqı dönəmində də tolerantlıq Azərbaycana xas idi və bu siyasət indi də davam etdirilir. Azərbaycan çoxmillətli ölkədir. Bütün millətlər və bütün dinlərin nümayəndələri Azərbaycanı öz evi hesab edirlər.

Uzun müddət ölkəmizin üzləşdiyi əsas problem Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Bu işğal Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar separatçı irtica ilə başlamışdır. Bu siyasət Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun inzibati sərhədlərindən kənarda yerləşən daha 7 rayonumuzun işğalı ilə nəticələndi. Azərbaycanın bu 7 rayonunda heç zaman ermənilər yaşamamışdır. Onlar tamamilə azərbaycanlılar məskunlaşan ərazilərdir. Ermənistanın bu işğalı yüz minlərlə adamın qaçqın və köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. Bu faktlar Assambleyaya yaxşı məlumdur. Nümayəndə heyətimizin üzvləri bu haqda dəfələrlə çıxışlar ediblər və bu faktlar Avropa Şurası Parlament Assambleyasının sənədlərində də öz əksini tapmışdır. Bugünkü Ermənistanın ərazisindən 250 min azərbaycanlı qaçqın düşmüşdür. Azərbaycan ərazisində işğal olunmuş 7 rayonun 700 min sakini məcburi köçkün oldu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan 50 min azərbaycanlı da məcburi köçkündür. Üstəlik, digər münaqişə zonalarından, başqa ölkə ərazilərindən də qaçqınlar Azərbaycanda sığınacaq tapmışlar. Azərbaycanın 8 milyonluq əhalisinin 1 milyonu qaçqın-köçkündür. Bu, dünyada əhalinin sayına nisbətdə qaçqın-köçkünlərin ən yüksək faizidir.

Bu vəziyyət 10 ildən artıqdır ki, davam edir. Bu ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəsin onuncu ili olacaqdır və 10 ilə qədərdir ki, aparılan danışıqlar nəticə vermir. Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin – Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik.

Beynəlxalq ictimaiyyət bu vəziyyətlə razılaşmamalıdır. Əlbəttə, biz ümid edirik ki, beynəlxalq birliyin birgə səyi imkan verəcək ki, bu problem həll olunsun. Biz Avropa Şurasına minnətdarıq ki, bu mövzu ətrafında fikir mübadilələri başlayıbdır. Bildiyiniz kimi, hazırda Siyasi məsələlər komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə üzərində işləyir. Ümid edirik ki, məruzə vəziyyəti olduğu kimi əks etdirəcək və ən vacibi isə, məsələyə siyasi qiymət verəcəkdir.

Ermənilərin münaqişə ilə bağlı öz iddiaları var. Sadəcə, onlara şərh verim ki, sizdə tam təsəvvür yaransın, yalnız bir tərəfin dediklərini eşitməyəsiniz. Onların iddiası belədir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək hüquqları var. Öz müqəddəratını təyin etmək insanlara verilmiş çox mühüm hüquqdur. Biz hamımız buna hörmətlə yanaşırıq. Amma sizin diqqətinizi bir mühüm məsələyə yönəldim. Ermənilər artıq öz müqəddəratını təyin etmişlər, onların Ermənistan dövləti var. Bu o deməkdir ki, bir millət kimi ermənilər artıq bu hüquqdan istifadə etmişlər. Təsəvvür edin ki, onların yaşadığı hər bir yerdə öz müqəddəratını həll edəcəyi halda nə baş verər?! Bu nə deməkdir? Bu o deməkdirmi ki, milli azlıqların yaşadığı hər bir yerdə separatizm olmalıdır? Məgər bu o deməkdir ki, milli azlıq yaşadığı hər bir ərazidə öz müstəqil dövlətini qura bilər? Əlbəttə ki, yox!

Avropa ölkələri də daxil olmaqla, bir çox ölkələrdə milli azlıqlar yaşayırlar. Azərbaycanlılar da yaşadıqları bir sıra ölkələrdə milli azlıqdır. Gürcüstanda təxminən yarım milyon azərbaycanlı yaşayır. Rusiyada da, digər ölkələrdə də yaşayan çoxsaylı azərbaycanlılar var. Ermənilər də həmçinin. Gürcüstanda 200 min erməni yaşayır - Dağlıq Qarabağda yaşayan ermənilərin sayından 4 dəfə artıq. Bu o deməkdir ki, onlar hər yerdə öz müqəddəratını təyin etməlidirlər? Bu konkret halda öz müqəddəratını təyin etmək prinsipi işləmir. Ona görə də bu halda ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmək prinsipləri arasında əkslik yoxdur. Başqa sözlə, biz gözləyirik ki, beynəlxalq ictimaiyyət bu münaqişənin həll olunmasında çox fəal rol oynayacaq, bu həll beynəlxalq hüquq normalarına əsaslanacaqdır.

Hörmətli xanımlar və cənablar! Qeyd etdiyim kimi, burada olmaq mənim üçün həm xoşdur, həm də şərəfdir. Məmnuniyyətlə çıxış edirəm. Dediyim kimi, Azərbaycan müstəqilliyini qazandıqdan sonra böyük nailiyyətlər əldə edibdir. Bu gün bizim strateji seçimimiz Avropaya, Avropa ailəsinə, strukturlarına inteqrasiyadır. Bu yolun davamı var. Biz bu siyasətimizə möhkəm sadiqik. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan Avropaya xas olan bütün standartlara, bütün ölçülərə cavab versin. Bütün Avropa strukturlarına xas olan standartlara uyğun gəlsin. Budur bizim siyasətimiz və uzun müddətdir onu həyata keçiririk. Bu gün Azərbaycanda baş verənlər bu siyasətin davamının nəticəsidir. Biz Avropa Şurasındakı fəal üzvlüyümüzü davam etdiririk.

Biz Avropa dəyərlərinə tam sadiqik, bu dəyərləri bölüşürük. Bizim nümayəndə heyəti Avropa Şurasında həmişə fəal olmuşdur. Bizim problemləri başa düşdüklərinə görə mən Avropa Şurası Parlament Assambleyasının üzvlərinə minnətdaram. Biz burada çoxlu dostlar qazanmışıq, şəxsən mən özüm bir çoxları ilə dost olmuşam. Mən onların hamısını salamlayıram. Avropa demokratik qrupunda işlədiyimiz həmkarları salamlayıram və Assambleyanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Sizə deyim ki, mən həqiqətən, Avropa Şurası Parlament Assambleyasının üzvü olduğum, sizinlə birgə işlədiyim vaxtlar üçün darıxıram. Bu gün mən başqa vəzifədəyəm, başqa öhdəliklərim var. Amma sizi əmin edirəm ki, son illər Azərbaycanda aparılan siyasət davam etdirilir və bu, ölkəmizə, regionumuza sülh və firavanlıq gətirəcəkdir. Diqqətinizə görə çox sağ olun. (Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).

X X X

PİTER ŞİDER: Cənab Prezident, olduqca gözəl çıxışınıza görə çox sağ olun. Assambleyaya və Avropa Şurasına ünvanladığınız nəzakətli sözlərinizə görə sağ olun. Dediyimiz kimi, bundan sonra suallar veriləcəkdir. Assambleyanın üzvləri Sizə sualla müraciət etmək istəyirlər və onlara xatırladıram ki, verilən suallar 30 saniyə çərçivəsini aşmamalıdır. Həmkarlardan xahiş edirəm ki, sual versinlər, sualları çıxışa çevirməsinlər. Əlavə suallar isə yalnız sonda və yalnız vaxtın imkan verəcəyi halda mümkündür. Buyurun.

SUAL (İtaliya): Əvvəlcə, Azərbaycan Prezidentinə minnətdarlığımı bildirir və ölkədə əldə olunan nailiyyətlərə görə təbrik edirəm. Sualım ölkənin iqtisadiyyatına, həqiqi mənada başgicəlləndirici nailiyyətlər əldə olunan sahəyə aiddir. Cənab Prezident, Avropa Birliyinin ölkənizdə neft sənayesinin inkişafında və xarici ticarət əlaqələrində payı nə qədərdir?

CAVAB: Avropa Birliyi ilə ticarət əlaqələri, iqtisadi əlaqələr hər il artır. 2003-cü ilin göstəriciləri ilə 2002-ci ilin göstəricilərini müqayisə etsək, görərik ki, əlaqələrin həcmi 40 faiz artmışdır. Bu göstərir ki, Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti böyükdür. Yeri gəlmişkən, deyim ki, bizim ən böyük ticarət tərəfdaşımız İtaliyadır. Bunun özü də bizim Avropaya doğru götürdüyümüz istiqamətin göstəricisidir. Bilirsinizmi, ölkəmizdəki infrastrukturun böyük bir hissəsi Azərbaycan SSRİ-nin tərkibində olarkən yaradılmışdır. Ona görə də istehsal olunmuş məhsullar üçün satış bazarı da qonşu ölkələrdir. Yeni istehsal qurğuları, yeni istehsal məhsulları beynəlxalq standartlara cavab verir. Amma belə məhsulların sayı çox deyil, istehsal olunan məhsulların çoxu keçmişdən qalma texnologiyalarla buraxılır. Ona görə də məhsullarımızın əsas istehlakçıları da keçmiş SSRİ respublikalarıdır. Amma indi başlanmış meyl müsbətdir və biz Avropa bazarına daxil olmağa səy göstəririk. Əminəm ki, ticarətin həcmi bu il də artacaqdır.

SUAL (Fransa): Cənab Prezident! Sizin çıxışınızdan həzz aldıq və Sizi görmək böyük şərəfdir. Siz ölkənizi demokratiya yolu ilə aparmaq əzmində olduğunuzu dediniz. Sualım belədir: Ötən prezident seçkilərində bəzi pozuntu halları qeydə alınmışdır. Bununla bağlı tədbir görmək fikriniz varmı? İyun ayında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı dinləmələr olacaqdır. Öhdəlikləri necə yerinə yetirirsiniz?

CAVAB: Prezident seçkilərindən sonrakı hadisələr cəmiyyətdə hələ də qarşıdurmanın baş verə biləcəyini göstərdi. Biz - hökumət və hakimiyyətdə olan partiya həmişə siyasi dialoq tərəfdarı, cəmiyyətdəki bütün siyasi qüvvələr arasında normal siyasi dialoq tərəfdarı olmuşuq. Biz problemlərimizin masa ətrafında həll edilməsinin tərəfdarıyıq. Təəssüf ki, müxalifətin bəzi üzvləri hələ seçkilərin rəsmi nəticələri elan olunmamışdan əvvəl, öz baxışlarını daş-kəsək və kəsici metal parçaları ilə ifadə etməyə üstünlük verdilər. Onlar polisə amansız hücüm etdilər. Bu hadisə televiziya vasitəsilə yayımlanıb, bütün televiziya kanalları göstərdi. Bir epizod xüsusilə ürəkağrıdandır: böyük yük maşını nümayişçilər tərəfindən polisin üstünə sürüldü. Əlbəttə ki, bütün digər ölkələrdəki kimi, Azərbaycan dövlətinin də özünü müdafiə etmək hüququ var və polisə qarşı belə rəhmsiz hücum heç bir ölkədə hörmətlə qarşılanmır. Ona görə də mən düşünürəm ki, Azərbaycandakı bütün siyasi qüvvələr qanun çərçivəsində hərəkət etməlidirlər. Demokratiya və qanun birlikdə olmalıdır. Mən bir çox hallarda - həm seçkidən əvvəl, həm də seçkidən sonra rəsmi çıxışlarımda Azərbaycandakı siyasi qüvvələri konstruktiv dialoqa çağırmışam. Təəssüf ki, hələ də cavab almamışam. Bununla belə, çalışacağıq Azərbaycanda elə şərait yaradaq ki, bütün siyasi mübahisələr masa ətrafında həll olunsun.

SUAL (Rusiya): Cənab Prezident, biz yoxsulluqla mübarizə proqramı barədə çox eşitmişik. Sizin seçkiqabağı proqramınızda da, çıxışınızda da bu barədə danışılmışdır. Mən bilən, bu proqramın gerçəkləşdirilməsi Azərbaycanda humanitar vəziyyətin yaxşılaşması ilə sıx bağlıdır. Hamıya məlumdur ki, Dağlıq Qarabağ üstündə münaqişə nəticəsində bir milyonadək adam qaçqın və məcburi köçkün olmuşdur. Mümkünsə, bu proqramın yaxın vaxtlarda həyata keçirilməsi barədə bir neçə kəlmə deyəsiniz.

CAVAB: Azərbaycanda yoxsulluqla mübarizə çox uğurla aparılır. Biz bu proqramın həyata keçirilməsində Dünya Bankı ilə fəal işləyirik. Ümidvarıq ki, proqram qarşıya qoyulmuş məqsədə, yəni yoxsulluq anlayışını tamamilə aradan qaldırmaq məqsədinə çatmağa imkan verəcəkdir. Zənnimcə, bunun üçün çox yaxşı perspektivlər var.

Siz cəmiyyətimizin ən yaralı yerinə - qaçqın-köçkünlər mövzusuna toxundunuz. Əlbəttə, onlara qayğı bizim üçün öncül əhəmiyyətli məsələdir. Hökumətimizin maliyyə ehtiyatları məhdud olsa da, o, qaçqın-köçkünlərin vaxtilə işğaldan azad edilmiş ərazilərdə yerləşdirilməsi proqramını həyata keçirir. Onlar üçün yeni, müasir evlər, xəstəxanalar, məktəblər tikilmiş, bütöv şəhərciklər salınmışdır. Mənim Sərəncamıma əsasən, hazırda ikinci proqram gerçəkləşdirilir. O, birinci mərhələdə təxminən 30 min adamı əhatə edəcəkdir. Onlar üçün də bütün lazımi şərait, infrastruktur yaradılacaqdır. Beləliklə, hökumətimiz Ermənistanın işğalı nəticəsində öz torpaqlarını, öz evlərini itirmiş adamların həyatını yüngülləşdirəcəkdir.

Əlbəttə, bu, məsələnin qəti həlli deyildir. Onun qəti həlli Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması və bu humanitar fəlakətə son qoyulması olacaqdır. Təsəvvür edin, bu insanların çoxu çadır düşərgələrində yaşayır, orada uşaqlar doğulur, onlar çadırlarda məktəblərə gedirlər, insanlar orada ailə qurur, dünyasını dəyişirlər. Bu, əsl humanitar fəlakətdir və artıq 10 ildən çoxdur davam edir. Bütün bunlar ancaq ona görə davam edir ki, Ermənistanın işğalçı qoşunları onlara məxsus olmayan ərazilərdə qalmaqdadır.

Mən bu suala bir qədər ətraflı cavab verəcəyəm. Ermənistanda artıq bunu anlamağa başladıqlarını müsbət fakt hesab edirəm. Bu yaxınlarda Bratislavada Ermənistanın xarici işlər naziri öz bəyanatında dedi ki, - bu, sonra Azərbaycan televiziyası ilə bir neçə dəfə səsləndirildi, – Ermənistanın ona məxsus olmayan əraziləri işğal etməsi faktı onun təcavüzkar olduğuna sübut deyildir. Zənnimcə, bu, mühüm etirafdır. Lakin, prinsipcə, normal cəmiyyətdə belədir ki, sənə məxsus olmayanı qaytarmalısan. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır.

SUAL (İsveçrə): Cənab Prezident! Dəfələrlə çıxışınızda demisiniz ki, problemləri danışıqlar masası ətrafında həll etməyin tərəfdarısınız. Sizcə, ölkənizlə Ermənistan arasında sülh planı işləyib hazırlamaq mümkün olacaqmı? Bu razılıq nə zaman əldə edilə bilər və onun istiqamətləri necə olacaq?

CAVAB: Biz məsələni sülh yolu ilə həll etmək əzmindəyik. Azərbaycan bunu bir neçə dəfə bəyan edib, amma belə məsələdə hər şey bir tərəfdən asılı olmur. Hər iki tərəf razılığa gəlməlidir. Hesab edirik ki, məsələni həll etmək üçün yaradılmış qurum, - bu, ATƏT-in Minsk qrupudur, onun da həmsədrləri ABŞ, Fransa və Rusiyadır, - münaqişənin aradan qaldırılmasında daha fəal rol oynayacaqdır. İki tərəf razılığa gələ bilməyəndə, vasitəçi təyin olunmuş üçüncü tərəf öz sözünü deməlidir. Bu da danışıqlarda vasitəçilik mandatı olan Minsk qrupudur. Təəssüf ki, bəzi hallarda olduğu kimi, müşahidəçilik yox, vasitəçilik etməlidir. Biz danışıqlar prosesinin davam etdirilməsinə sadiqik. Amma danışıqlar yalnız razılaşdırılmış mövzu ətrafında aparıla bilər. Danışıqların mövzusu yoxdursa, biz danışıqlar aparmaq görüntüsü yaratmaq fikrində deyilik. Azərbaycan görsə ki, danışıqlar prosesi lazımsızdır, onda yəqin ki, bu siyasətimizə yenidən baxmalı olacağıq.

SUAL (İsveçrə): Cənab Prezident! Buradakı açıq və cəsarətli çıxışınız münasibətilə Sizi təbrik edirəm. Konkret mövzular barədə danışdığınıza görə Sizə açıq sual verəcəyəm. İqtisadi artım, demokratik inkişaf və sosial ədalət arasında prioritet seçməyin vaxtı gələndə nə edəcəksiniz? Bu üç məqamı necə birləşdirəcəksiniz?

CAVAB: Çox sağ olun. Mən elə bilirəm ki, adını çəkdiyiniz üç elementin tətbiqi yalnız kompleks şəkildə baş verə bilər. Biri o biri olmadan mümkün deyildir. Əlbəttə, demokratiyasız güclü iqtisadiyyatlı ölkə olmaq mümkündür. Belə hallar məlumdur. Amma əksinə ola bilməz. Güclü iqtisadiyyatsız demokratik, sosial problemləri həll olunmuş ölkə mövcud deyildir. Adətən, kasıb ölkələrdə insanlar demokratik cəmiyyət qurmaq haqqında deyil, yoxsulluğa üstün gəlmək haqqında düşünürlər. Ona görə də bu məsələdə prioritetlər mümkün deyildir. Adını çəkdiyiniz bütün amillər bizim üçün vacibdir. Amma iqtisadi bünövrəsiz demokratik cəmiyyət qurmaq mümkün deyildir. Azərbaycan bundan – iqtisadi əsas qurmaqdan, sərmayələri cəlb etməkdən, iqtisadiyyatı hərtərəfli inkişaf etdirməkdən başlayıb və bu gün gətirdiyim rəqəmlər ölkənin necə inkişaf etməsindən xəbər verir. Həm də nəzərə alın ki, ölkədə hər səkkiz nəfərdən biri qaçqın-köçkündür və hökumət ona vəsait ayırır. Amma, eyni zamanda, sosial ədalət, demokratik inkişaf və iqtisadi inkişaf – bunlar bizim prioritetlərimizdir. Zənnimcə, həyata keçirdiyimiz siyasət bunu göstərir.

SUAL (Bolqarıstan): Cənab Prezident, Assambleyanın sabiq üzvü kimi Sizə xatırlatmaq artıqdır ki, buradakı üzvlərin hamısı Cənubi Qafqazda həll olunmamış çoxsaylı münaqişələrdən narahatdır. Beynəlxalq ictimaiyyət münaqişə tərəfləri arasında etimad mühiti yaratmaq üçün bir neçə dəfə cəhd etmişdir. Tərəflər arasında etimad olmalıdır. Sizin münasibətiniz necədir, Siz bu cəhdləri qəbul edirsinizmi?

CAVAB: Zənnimcə, qarşılıqlı etimad olmasa, ümumi razılığa gəlmək çətin olacaqdır. Biz sülh razılığının hər bir bəndi ilə indi razı olmaya bilərik. Razılığa gəlmək üçün müəyyən mərhələ keçməlidir. Ona görə də etimad qurmaq tədbirləri geniş anlayışdır. Etimad qurmaq dedikdə, biz münaqişənin addım-addım həll edilməsini nəzərdə tuturuq. Məsələyə bu cür yanaşmanın məntiqi var. Bu yanaşma hər iki tərəfə tədricən razılığa gəlmək imkanı verir. Məncə, etimadqurmanın ilk addımı kimi, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş, Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonundan çıxarılarsa, bu, ümumi həllin bir hissəsi olar. Bu fikir müzakirə edilmişdir. Bu ideya Avropa Şurası parlamentində, digər müxtəlif dairələrdə müzakirədən keçib və etimadqurmanın yaxşı nümunəsi kimi ümumi həllə kömək edə bilər.

SUAL (Türkiyə): Cənab Prezident, hər şeydən əvvəl ana dilimizdə - türkcə Sizə “Xoş gəldiniz!” deyirəm. Tərcüməçi bunun nə demək olduğunu iştirakçılara deyər. Siz neft və qaz layihəsi haqqında danışdınız və həm də layihələrin regiondakı əhaliyə firavanlıq gətirəcəyini dediniz. Layihələrin uğurla həyata keçirilməsi ilə müasir şəraitdə qaldırılmış “daha geniş Avropa” təşəbbüsü arasında əlaqəni necə görürsünüz?

CAVAB: Əlbəttə, layihələrin həyata keçirilməsi bizim Avropa Birliyi ilə müxtəlif sahələrdə əlaqələrimizə təsir göstərəcəkdir. Əvvəla, bu, Azərbaycanda çox güclü iqtisadiyyat yaradılmasına hər halda kömək edəcəkdir. Yalnız neft amilinin bizə firavan yaşamaq imkanı verəcəyini düşünmək sadəlövhlük olardı. Yox, biz gərək yorulmadan işləyək, təbiətin verdiyi nadir imkandan istifadə edib güclü iqtisadiyyat yaradaq ki, gələcəkdə neftdən və neftin qiymətlərindən asılı olmayaq. Budur, bizim strateji məqsədimiz. Lakin güclü iqtisadiyyatın qurulması həm də ölkəmizin Avropa standartlarına yaxınlaşması deməkdir. Zənnimcə, bu, münasibətlərimizdə mühüm rol oynayacaqdır. İkincisi, bizim proqramımızla Azərbaycan 2006-cı ildən başlayaraq, Türkiyəyə təbii qaz nəql edəcəkdir. Bilirsiniz ki, Türkiyə Yunanıstanla qazpaylayıcı sistemlərini birləşdirmək barədə razılığa gəlibdir. Beləliklə, təbii qazımız Türkiyədən Yunanıstana, daha sonra Avropanın digər ölkələrinə daşınmalıdır. Bu, baş verərsə, - yeri gəlmişkən, bunun özü də bizim strategiyamızın gündəliyindədir, - onda Azərbaycan Avropa istehlakçılarının qaz təchizatçısı olacaqdır. Özü də bütün nəqliyyat xərclərinin və digər xərclərin nəzərə alınması şərti ilə etibarlı və səmərəli bir təchizatçı. Bu, yalnız ilk baxışdan görünən və bizim nəzərdə tutduğumuz amillərdir. Bundan sonra da digər cəhətlər yaranacaqdır. Bu, Azərbaycanda nəzərdə tutulan neft və qaz layihələrinin yalnız bir hissəsidir. Yeri gəlmişkən, sizə bu günün reallıqlarını əks etdirən bir rəqəm deyim. Azərbaycanda həyata keçirilən 4 neft və qaz layihəsi üzrə gündə 10 milyon dollar vəsait yatırılır. Hər gün 10 milyon! Bu onu göstərir ki, həmin kreditləri verən beynəlxalq maliyyə qurumları bizə inanırlar. Bu, bizə olan inamı artırır, gələcəkdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə, digər banklarla, müxtəlif sektorlarla iş imkanlarımızı artırır. Əlbəttə, bu, baş verərsə, - əminəm ki, baş verəcək, - Avropa Birliyi ilə münasibətlərimiz başqa cür ölçüləcəkdir. Həm neft layihələri, həm nəqliyyat layihələri, qeyri-neft sahəsi, inteqrasiya ilə bağlı layihələr. Əsas enerji layihələrindən sonra digər layihələr də gələcəkdir.

SUAL (Finlandiya): Cənab Prezident! Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məruzədə deyilib ki, bəzi seçki məntəqələrində çatışmazlıqlara yol verilmişdir. Bununla bağlı nə kimi qərarlar qəbul olunmuşdur?

CAVAB: Azərbaycanda ötənilki seçkilər ölkədəki real durumu əks etdirir. Əlbəttə, bəzi çatışmazlıqlar olmuşdu, bu da onunla bağlıdır ki, bizdəki qanunlar kamil deyildir. Açıq desək, bugünkü gündə biz Avropa Birliyi standartları səviyyəsində seçki keçirə bilmərik. Amma seçkilərin real şəraiti əks etdirməsi, seçicilərin etdiyi seçimi düzgün göstərməsi faktı şübhəsizdir. Azərbaycanda seçkilərdən əvvəl bir neçə sorğu aparılmışdı, eləcə də beynəlxalq təşkilatların keçirdiyi sorğular olmuşdu. Onlardan biri Amerika Birləşmiş Ştatlarının Respublikaçılar İnstitutunun hələ seçki kampaniyası başlamazdan əvvəl keçirdiyi sorğudur. Bu sorğu göstərdi ki, seçicilərin 65 faizdən çoxu mənə səs verəcək. Bizim keçirdiyimiz seçki kampaniyası mənim proqramımı və görəcəyim işləri daha qabarıq bəyan etmək imkanı verdi. Daha bir vacib amil də ondan ibarətdir ki, müxalifət öz arasında vahid namizəd seçə bilmədi və seçki kampaniyasında hakim partiyanın namizədi ilə deyil, öz aralarında mübarizə aparırdılar, bu da mənə əlavə səslər gətirdi. Başqa sözlə, Azərbaycan cəmiyyətində və Azərbaycandan kənarda şübhə yoxdur ki, seçkinin nəticələri real şəraiti əks etdirir. Eyni zamanda, çatışmazlıqlar qeydə alınan seçki məntəqələri ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Səhv etmirəmsə, 600 seçki məntəqəsinin nəticəsi ləğv olunmuşdur. Bu o deməkdir ki, bütün lazımi addımlar atılmışdır və əminəm ki, proses davam etdiriləcək, gələn seçkilər daha yaxşı keçiriləcəkdir. İndiki seçkilər də əvvəlki seçkilərlə müqayisədə daha yaxşı keçirilmişdir. Reallıqda belə olur.

Azərbaycan yeni müstəqil ölkədir. Hələ ki, bütün standartlara uyğun deyildir. Bu seçkilərdə Azərbaycanda minlərlə müşahidəçi var idi və proses davam edəcəkdir. Əminəm ki, gələcəkdə bu sahədə problemlərin sayı azalacaqdır.

SUAL (Böyük Britaniya): Cənab Prezident! Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi kimi Sizə minnətdarlığımı bildirirəm ki, dekabrda məni qəbul etdiniz və dünənki konstruktiv dialoqa görə sağ olun. Məhbusların azadlığa buraxılması ilə bağlı qəbul etdiyiniz qərara hörmətlə yanaşıram. Necə düsünürsünüz, sentyabra qədər Avropa Şurası ilə ölkəniz arasında bu məsələ ilə bağlı mövzunu qapadıb Sizin plüralist demokratiya qurmaq məqsədinizə çata biləcəyikmi?

SUAL (Ermənistan): Biz beynəlxalq əməkdaşlıq üzrə bir sıra sənədlərə qoşularkən Azərbaycan dəfələrlə Ermənistanın bütün regional və beynəlxalq layihələrdə iştirakının əleyhinə çıxmışdır. Azərbaycanda yeni seçilmiş Prezident kimi Sizə belə sualla müraciət etmək istərdim. Siz bu siyasəti davam etdirmək əzmindəsinizmi? Əgər belədirsə, hesab etmirsinizmi ki, regionda hansısa bir ölkənin layihələrdə iştirakının olmaması gərginliyin azaldılmasına xidmət etməyəcək və əməkdaşlıq imkanını qaçıracağıq?

CAVAB: İlk əvvəl cənab Brouzun sualına cavab vermək istəyirəm. Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul olunduğu zaman və daha sonrakı iştirakı dövründə üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Mən özüm bu səhifəni bağlamaq əzmindəyəm. Çünki bizim görəcəyimiz digər işlər var. Ölkəmizi inkişaf etdirməliyik. Gərək müasir, demokratik, azad cəmiyyət quraq və əlbəttə keçmişin, tarixin qalıqları tarix kimi qalmalıdır. Biz bu mövqeyimizi dəfələrlə bildirmişik və əminəm ki, Azərbaycanın bütün siyasi spektri birləşib dağıdıcılıqla yox, yaradıcılıqla məşğul olarsa, biz məqsədlərimizə daha tez çatarıq. Keçmişin problemləri ondan ibarətdir ki, Azərbaycandakı bəzi qüvvələr hökumətə qarşı çıxmaqla, əslində, dövlətçiliyə qarşı çıxırdılar, müstəqilliyimizə qarşı fəaliyyət göstərirdilər. Elə cinayətlər törətmişlər ki, həmin cinayətlər bizim suverenliyimizə qarşı yönəlmişdi. Ağır cinayətlər törədilmişdi. Biz buna yol verməməliyik. Biz çoxlu problemləri olan ölkəyik. Torpaqlarımız işğal altındadır, qaçqınlarımız var. Bizim cəmiyyət birləşməlidir. Bütün azərbaycanlılar Azərbaycanın müstəqilliyinin daha da gücləndirilməsi ideyası ətrafında birləşməlidirlər. Hamımız Ermənistanla münaqişəyə son qoymaq, torpaqlarımızı azad etmək ideyası ətrafında birləşməliyik. Mən Prezident seçildikdən sonra, andiçmə mərasimindən sonrakı ilk çıxışımda dedim ki, bütün azərbaycanlıların prezidenti olacağam və mən bunu etməkdəyəm. Ona görə də keçmişin faciəvi tarixinə son qoymaq işimizi davam etdirəcəyik. Amma bunu tək etmək çətindir. Bütün siyasi qüvvələr bu prosesin fəal iştirakçıları olmalıdırlar. Elə bilirəm ki, məhbusları əfv etməklə bağlı atdığım addımlar mənim bu sahədə niyyətimi göstərir və bu yol davam edəcəkdir.

İkinci sualla bağlı həm cavab vermək, həm də aydınlaşdırmaq istəyirəm. Bu, çox vacib mövzudur. Yeri gəlmişkən, Assambleyanın üzvü olarkən bu haqda bir neçə dəfə danışmışam. Bir az da aydınlaşdırım. Bəzən yalançı görüntü yaratmağa çalışırlar ki, Ermənistan Azərbaycanla əməkdaşlıq etmək istəyir, Azərbaycan isə yox. Bu, doğrudur. Amma bunun səbəbləri var. Azərbaycanın ərazisi işğal olunub. Əlbəttə ki, biz torpaqlarımızı işğal etmiş ölkə ilə əməkdaşlıq edə bilmərik. Təsəvvür edin ki, ölkəniz işğal olunub və işğalçılar sizə təklif edirlər ki, gəlin əməkdaşlığa başlayaq. Bu, ciddi söhbət deyil, ona görə də Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Azərbaycan heç vaxt Ermənistanla əməkdaşlıq etməyəcəkdir. Ermənistan regionda əməkdaşlıq etmək istəyirsə, qoy eləsin. Bizim öz siyasətimiz var. Amma bugünkü günün faktı, reallığı ondan ibarətdir ki, Azərbaycansız heç bir regional əməkdaşlıq mümkün deyildir.

Həm də gəlin görək, Ermənistan bu işğaldan nə əldə edibdir, nə qazanıbdır? Gəlin bu sualı verək: Ermənilər daha yaxşı yaşamağa başlayıblar? Ermənistan iqtisadi və siyasi cəhətdən daha çox güclənib? Onların dünyadakı imici yaxşılaşıb? Qoy bu sualları onlar özlərinə versinlər və cavab tapsınlar. Digərlərinə məxsus olan əraziləri işğal altında saxlamaq ölkəyə müsbət imic gətirmir. Ona görə Ermənistanla regional əməkdaşlıq mümkün deyildir. Bir daha vurğulamaq istəyirəm ki, bu, bizim ölkəmizin rəsmi mövqeyidir. O vaxta qədər ki, işğalçılar Azərbaycan ərazisindən geri çəkilməyəcəklər.

PİTER ŞİDER: Cənab Prezident Əliyev, mən Assambleya adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Şurası Parlament Assambleyasına gəldiyinizə görə, buradakı çıxışınıza görə, sualları cavablandırdığınıza görə çox sağ olun. Sizə ən xoş arzularımızı, ölkənizə ən xoş diləklərimizi bildiririk.

İLHAM ƏLIYEV: Siz də sağ olun.

X X X

Elə həmin gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.

Cənab Piter Şider, eləcə də Avropa Şurasının digər rəhbərləri, deputatlar Azərbaycan Prezidentini səmimi, məzmunlu və cəsarətli çıxışına görə təbrik etdilər. Fikir mübadilələri zamanı Azərbaycanın Avropa ailəsinə daha sıx inteqrasiyası istiqamətində aparılan işlər bir daha təqdirəlayiq hesab olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir