SİYASƏT
AZƏRBAYCANIN BEYNƏLXALQ İMİCİ ARTDIQCA DİASPORUMUZUN NÜFUZU DA MÖHKƏMLƏNİR
Belə tədbirlərin biri də Skandinaviya və Baltika ölkələrində yaşayan azərbaycanlıların “Qürbət” cəmiyyətində keçirilmişdir. Tədbirə toplaşanlara Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklər, bu sahələrdə qazanılmış uğurlar barədə ətraflı məlumat verilmişdir.
“Qürbət” cəmiyyətinin sədri Həbib Quliyevin AZƏRTAC-a göndərdiyi məlumatda deyilir ki, doğma Vətənimizlə sıx əlaqə saxlayır, Azərbaycanın daxili və xarici siyasət sahəsində qazandığı uğurlardan dərin iftixar hissi keçiririk. Oktyabrın 15-də keçirilmiş prezident seçkilərini Skandinaviya və Baltika ölkələrində yaşayan azərbaycanlılar da diqqətlə izləyirdilər. Seçkilərin nəticələri xalqımız kimi, bizi də ürəkdən sevindirmişdir. Dünya söhrətli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin böyük səs çoxluğu ilə Prezident seçilməsi hamımızın ürəyindən xəbər vermişdir. Cəmiyyətimizin fəalları adından Prezidentimiz İlham Əliyevi seçkilərdən dərhal sonra təbrik etmişik. Əminik ki, xalqımızın böyük oğlu Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılarla iş sahəsindəki strategiyasını gənc və enerjili Prezidentimiz uğurla davam etdirəcəkdir.
Həmyerlimiz məktubunu bu sözlərlə bitirmişdir: “Biz qürbətdə yaşasaq da, qəlbən və ruhən doğma Azərbaycanımızla birlikdəyik. Azərbaycanın dünya miqyasında mövqeyi möhkəmləndikcə, iqtisadi qüdrəti artdıqca, Vətəndən uzaqlarda özümüzü daha inamlı, daha arxalı, daha güclü hiss edirik. Bu inamın, bu gücün qəlbimizdə doğurduğu xoş duyğuları qısaca olaraq belə ifadə edirik: Doğma Azərbaycanımızın taleyi etibarlı əllərdədir. Bu əllərin idarə etdiyi sükan Vətənimizi işıqlı və xoşbəxt gələcəyə qovuşduracaqdır”.