SİYASƏT


AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA FRANSA PREZİDENTİNİN SƏRƏNCAMI İLƏ “ŞƏRƏF LEGİONU” ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR

Bakı, 15 fevral (AZƏRTAC). Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilmişdir.

Fransa dövlətinin başçısı Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu barədə məlumat verərək bildirmişdir ki, Mehriban xanım Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülmüşdür.

Bu xoş xəbəri dövlətimizin başçısına çatdırmaqdan məmnun olduğunu bildirən Nikola Sarkozi Prezident İlham Əliyevə xüsusi hörmət və ehtiramı olduğunu vurğulamışdır.

Dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən “Şərəf Legionu” ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. On bir nəfərdən ibarət çox nüfuzlu Mükafat Komissiyası ordenə təqdim olunmuş şəxslər barədə məlumatları araşdırdıqdan sonra onun təqdim edilməsinə icazə verilir.

Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülmüşlər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazanmışdır.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.