MƏDƏNİYYƏT
AZƏRBAYCANIN İNCƏSƏNƏT NÜMAYƏNDƏLƏRİ HOLLİVUDA YOLA DÜŞÜRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Kaliforniya ştatının Los-Anceles şəhərində səkkizinci dəfə keçirilən səhnə incəsənəti üzrə yarışlarda ölkəmizi xalq artisti İlhamə Quliyevanın başçılığı ilə daha iki sənətçi – Opera və Balet Teatrının gənc solisti Ülvü Qılınc və maestro Ceyhun təmsil edəcəklər. Qeyd edildi ki, yarışlarda 40-dan çox ölkənin, o cümlədən Fransa, İspaniya, Almaniya, Rusiya, Litva, Qazaxıstanın, eləcə də ABŞ-ın bütün ştatlarının incəsənət ustaları iştirak edəcəklər. Ümumiyyətlə, on beş minə yaxın adamın iştirak edəcəyi yarışlar, bir neçə nominasiya üzrə avqust ayının 7-dən 14-dək davam edəcəkdir. Azərbaycan mədəniyyəti və incəsənətini dünya xalqlarına təqdim etmək, ölkəmizi ABŞ-da sadə insanlara tanıtmaq üçün gedəcəyini xüsusi vurğulayan İlhamə Quliyeva yarışlarda xalq mahnıları və muğamlarımızı oxuyacağını bildirdi.