İDMAN
AZƏRBAYCAN GİMNASTLARI DÜNYA KUBOKU YARIŞLARINDA BÜRÜNC MEDAL QAZANMIŞLAR
Azərbaycanın qrup təmrinləri komandası Nijni Novqorodda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarında bürünc medallar qazanmışdır. AZƏRTAC respublika Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolova 5 lentlə final kompozisiyasını uğurla ifa edərək, Belarus və Rusiya komandalarından sonra 3-cü yeri tutmuşlar. 13,725 bal toplayan gimnastlarımız dünya çempionu Bolqarıstan yığmasını və güclü İtaliya komandasını arxada qoymuşlar.
Qrup 3 halqa/4 gürzlə final çıxışlarında 13,033 balla 7-ci yeri tutmuşdur. Azərbaycan komandası çoxnövçülükdə 12 yığma arasında 26,15 balla 6-cı nəticəni göstərmişdir.
Mətbuat xuidmətindən onu da bildirmişlər ki, mayın 4-8-də Burqasda Bolqarıstanın Qran-pri yarışları keçiriləcəkdir. Turnirdə 2006-cı ilin mütləq ölkə çempionu Dinara Gimatova iştirak edəcəkdir. Yunanıstanın Volos şəhərində isə mayın 4-də idman gimnastikası üzrə Avropa çempionatı başlanacaqdır. Çempionatda 38 ölkənin ən yaxşı gimnastları mübarizə apacaqlar. Azərbaycanı yarışlarda ölkə çempionu Teymur Şahlamazov təmsil edəcəkdir. Püşkatmaya əsasən, o, ikinci yarımqrupdadır və çıxışlarına tir də təmrinlərlə başlayacaqdır.