RƏSMİ XRONİKA
AZƏRBAYCAN İLƏ İSRAİL ARASINDA ƏMƏKDAŞLIQ QARŞILIQLI SURƏTDƏ FAYDALI OLA BİLƏR
Azərbaycan Prezidenti qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, o, firmanın fəaliyyətinə və onun keçmiş SSRİ respublikaları ilə əməkdaşlıq planlarına bələddir və bu niyyətləri bəyənir. O demişdir: Azərbaycan bütün ölkələrlə və şirkətlərlə iqtisadi əməkdaşlıq üçün açıqdır. Bu cür əməkdaşlıq sənaye və kənd təsərrüfatı sahəsində qarşılıqlı surətdə faydalı əlaqələrə kömək etməklə yanaşı, xalqların qarşılıqlı anlaşmasının daha da artmasına, Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafına təkan verir.
İosif Mayman onları Bakıya gəldikdən sonra tezliklə qəbul etdiyinə görə Prezidentə təşəkkürünü bildirərək demişdir ki, firmanın rəhbərləri Azərbaycana onunla əməkdaşlıq etmək arzusu ilə təşrif gətirmişlər. O, quruculuq prosesində olan gənc müstəqil Azərbaycan dövlətinin düşdüyü vəziyyəti aydın dərk etdiyini söyləyərək, Heydər Əliyevin müstəqil dövlət quruculuğunda xüsusi xidmətini, onun yüksək beynəlxalq nüfuza malik olduğunu qeyd etmişdir. Qonaq öz şirkətinin fəaliyyəti barədə məlumat verərək demişdir ki, onun şirkəti 26 ölkədə fəal işləyir və illik dövriyyəsi təxminən 1 milyard dollardır. “Merxav” kənd təsərrüfatı məhsulları istehsalı sahəsində ixtisaslaşır və bu sahədə İsrail dövlətində ən böyük şirkətdir. O, Qazaxıstanla əməkdaşlığın gedişində bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində əldə olunmuş nailiyyətlərdən, Özbəkistan və Türkmənistanın aqrar bölmələri ilə əlaqələrinin inkişaf etdirilməsindən danışmışdır. Firmanın prezidenti demişdir: Biz ümidvarıq ki, Azərbaycanda da etibarlı ortaqlar tapacağıq.
Heydər Əliyev qonağın söylədiyi fikrə tərəfdar çıxaraq və onu davam etdirərək tanınmış israilli biznesmenin bu təklifindən razı qaldığını söyləmiş və bildirmişdir ki, Azərbaycan “Merxav” şirkəti ilə əməkdaşlığa günü bu gün hazırdır. Bu əməkdaşlıq Orta Asiya dövlətlərində israillilərin həyata keçirdikləri birgə layihələr kimi, respublikamızda da eyni dərəcədə səmərəli və qarşılıqlı surətdə faydalı ola bilər. O demişdir: Bizdə də pambıq, pomidor, kartof əkilir. Odur ki, Azərbaycan öz qabaqcıl texnologiyaları ilə məşhur olan bu firma ilə əməkdaşlığa çox maraq göstərir. Əminəm ki, belə əlaqələr respublikamızda da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmağa kömək edəcəkdir.
Qəbulda dövlət müşaviri Vəfa Quluzadə, Ali Sovetin beynəlxalq münasibətlər şöbəsinin müdiri Namiq Axundov, İsrail dövlətinin Azərbaycandakı müvəqqəti işlər vəkili Eliezer Yotvat iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri