MƏDƏNİYYƏT
AZƏRBAYCAN MEMARI PUŞKİN MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR
Bu yaxınlarda Moskvada Azərbaycan Memarlar İttifaqının prezidenti, əməkdar memar İlham İsmayıl oğlu Əliyevə böyük rus şairi Puşkinin anadan olmasının 200 illiyi şərəfinə təsis olunmuş Qızıl medal təqdim edilmişdir.
Həmyerlimiz bu medala “Memarlıq və dizayn” nominasiyasında layiq görülmüşdür. Bu medalla milli mədəni ənənələrin inkişafına, qorunub saxlanılmasına verdiyi töhfəyə, yaradıcı ziyalılara daim kömək və dəstək göstərilməsinə, incəsənətdə yeni üslub və istiqamətlərin təşəkkülünə və inkişafına görə Rusiyanın və xarici ölkələrin incəsənət və mədəniyyət xadimləri təltif olunurlar. Həmyerlimizin layiq görüldüyü medalın diplomunu Rusiya Federasiyasının bütün yaradıcılıq ittifaqlarının rəhbərləri, o cümlədən Yazıçılar İttifaqının sədri V.Sidorov, Teatr xadimləri İttifaqının sədri A.Kalyagin, Kinematoqrafçılar İttifaqının sədri N.Mixalkov, Memarlar İttifaqının sədri Y.Qnedovski, Dizaynerlər İttifaqının sədri Y.Nazarov və başqaları, habelə Mədəniyyət və incəsənət xadimlərinin beynəlxalq yaradıcılıq birliyi əlaqələndirmə şurasının həmsədri M.Fatkulin imzalamışlar.