RƏSMİ XRONİKA


AZƏRBAYCAN MÜƏLLİMLƏRİNƏ

Əziz və hörmətli müəllimlər!

Sizi 5 Oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə, ölkənin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirirəm.

Azərbaycanın daim yüksək amallara xidmət göstərmiş müəllim ordusu ölkəmizin hərtərəfli inkişafı naminə, gələcəyimiz olan gənclərin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilməsi yolunda var qüvvəsini sərf etmişdir. İftixar hissi ilə qeyd olunmalıdır ki, zəngin maarifçilik ənənələrinə malik təhsil sistemimiz aparılan islahatlar nəticəsində bu gün müasir beynəlxalq standartlara cavab verməkdədir. İnanıram ki, Azərbaycan müəllimləri Birləşmiş Millətlər Təşkilatının “Təhsil əsri” – “İntellekt əsri” elan etdiyi XXI yüzillikdə milli təhsilin davamlı inkişafı və dünya təhsil sisteminə inteqrasiyası üçün əllərindən gələni edəcək, bu sahədə artıq dönməz xarakter almış islahatlar prosesini uğurla davam etdirəcəklər.

Müstəqil Azərbaycan dövlətinin qarşısında geniş inkişaf perspektivləri ilə bağlı mühüm vəzifələr durur. Bu vəzifələrin öhdəsindən gəlməyə qadir olan vətənpərvər, yüksək savadlı gənclərin hazırlanması ölkəmizin tərəqqisinin, xalqımızın firavan həyata qovuşmasının mühüm şərtlərindəndir. Əminəm ki, siz bu məsuliyyətli işin həyata keçirilməsində bilik və bacarığınızı əsirgəməyəcək, əsası ümummilli liderimiz, böyük maarifpərvər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu strategiyasının həyata keçirilməsinə öz layiqli töhfənizi verəcəksiniz.

Əziz müəllimlər!

Sizi, bu şərəfli peşə sahiblərini, Beynəlxalq Müəllim Günü münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə cansağlığı, müstəqil Azərbaycanın intellektual potensialının gücləndirilməsi yolunda yeni nailiyyətlər diləyirəm.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 oktyabr 2004-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin