RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV KÜVEYT ƏMİRİ ƏL-SƏBAH İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidentini hərarətlə qarşılayan Küveyt rəhbəri onunla görüşündən məmnun olduğunu bildirdi. Dövlət başçıları əvvəlki görüşlərini həmişə xatırladıqlarından söhbət açdılar, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirdilər.
Prezident Heydər Əliyev ölkəmizdəki ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında əmirə geniş söhbət açdı. Dövlətimizin başçısı dedi ki, bu təcavüz nəticəsində torpaqlarımızın xeyli hissəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur, bir milyondan çox azərbaycanlı qaçqın çox ağır şəraitdə yaşayır. Prezident bildirdi ki, lakin bütün bunlara baxmayaraq, ölkəmiz müharibənin sülh yolu ilə başa çatmasını istəyir və Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsinə çalışır. Heydər Əliyev dedi ki, biz dünyanın çox nüfuzlu bir sıra ölkələri ilə sıx əlaqələr qurmuşuq və Küveytlə əməkdaşlığımızın genişlənməsini istəyirik.
Əmir əl-Səbah beynəlxalq təşkilatlarda Küveytin həmişə Azərbaycanın mövqeyini müdafiə etdiyini vurğulayaraq dedi ki, biz sizin ölkənizlə münasibətlərimizin daha da inkişaf etməsinə çalışırıq və bunun üçün lazımi tədbirlər görürük. Əmir dedi ki, neftlə zəngin olan ölkələrimizin qarşılıqlı əlaqələrinin dərinləşdirilməsi hər iki dövlət üçün çox faydalıdır və biz bunun üçün lazımı addımlar atmağa hazırıq.
Əmir əl-Səbah Azərbaycan Prezidentini Küveytə rəsmi səfərə dəvət etdi. Prezident Heydər Əliyev də Küveyt dövlətinin başçısını Azərbaycanda görmək istədiyini bildirdi.