RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NİZAMİ GƏNCƏVİNİN LÜKSEMBURQDA RUSİYA FEDERASİYASI SƏFİRLİYİNİN ƏRAZİSİNDƏ UCALDILMIŞ ABİDƏSİ ÖNÜNƏ GÜL-ÇİÇƏK QOYMUŞDUR

Aprelin 22-də Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyinə gedərək burada böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi önünə gül-çiçək qoydu.

Səfir Aleksandr Qluxov başda olmaqla, Rusiya səfirliyinin işçiləri Azərbaycan Prezidenti Heydər Əliyevi səmimi və mehribanlıqla qarşıladılar. Qeyd olundu ki, onlar Heydər Əliyevi Sovet İttifaqının varlığı dövründə, hələ Azərbaycana rəhbərlik etdiyi vaxtlardan yaxşı tanıyır və ona hörmət bəsləyirlər.

Azərbaycan Prezidenti Heydər Əliyev abidənin önünə gül-çiçək qoyduqdan sonra bu heykəlin səfirliyin ərazisində ucaldılması tarixindən qısaca danışdı:

- Hələ Sovet İttifaqının varlığı dövründə, mən Azərbaycanın rəhbəri olarkən SSRİ-nin Lüksemburqdakı səfiri səfirliyin ərazisində yaradılan, bütün müttəfiq respublikalardan eksponatlar qoyulacaq qalereya üçün elə bir şey göndərməyi xahiş etdi ki, o, Azərbaycan tarixini və ya mədəniyyətini əks etdirsin. O vaxt biz bu qalereya üçün Nizami Gəncəvinin heykəlini təqdim etməyi lazım bildik. Bunun böyük mənası var. Axı, Nizami Gəncəvi bütün bəşər sivilizasiyasına məxsusdur. Onun dünya sivilizasiyasına, dünya mədəniyyətinə, dünya ədəbiyyatına verdiyi töhfə hamıya məlumdur. Lakin bununla bərabər, o, azərbaycanlıdır, Azərbaycan şairidir. Odur ki, burada həm ümumbəşəri mədəniyyət, ümumbəşəri dəyərlər, - hesab edirəm ki, onlar bütün dünya birliyinin əsasıdır, - həm də milli fərq, milli xarakter vəhdət yaradır. Hər bir xalq ümumbəşəri mədəniyyətə öz töhfəsini vermişdir və verir. Bütün bunlar isə ümumbəşəri dəyərləri əmələ gətirir.

Heydər Əliyev daha sonra dedi: Mən şadam və çox sağ olun ki, bunların hamısı yaxşı vəziyyətdədir. Ümidvaram ki, bundan sonra da belə olacaqdır. Tale elə gətirdi ki, bu səfirlik Rusiyanın səfirliyinə çevrildi. İndiki halda da bu, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında dostluğun rəmzi olacaqdır. Bir baxın, burada nə qədər rəmzlər var. Mən bunların hamısını ümumi sərvətimiz, ümumi dəyərlərimiz hesab edirəm.

Mən sizi salamlayıram və şadam ki, fürsətdən istifadə edərək Rusiya Federasiyası səfirliyinin ərazisindəyəm. Rusiya ilə münasibətlər xarici siyasətimizin çox mühüm istiqamətidir. İstər MDB çərçivəsində əməkdaşlığımız, istərsə də birgə həyatımız, fəaliyyətimiz dövründə, keçmişdə, xüsusən biz vahid bir dövlətin tərkibində olduğumuz illərdə, Rusiya ilə Azərbaycan arasında dostluğun və qarşılıqlı münasibətlərin böyük tarixi ərzində toplanmış olan hər şey bu gün böyük nemət, Azərbaycan xalqı üçün böyük nailiyyətdir. Biz istər Rusiyada, istərsə də Azərbaycanda keçmişdə, adamlarımızın əvvəlki nəsilləri tərəfindən əldə edilən hər bir nailiyyəti, habelə hazırda bütün sahələrdə xalqlarımız arasında əməkdaşlığın uğurlu inkişafı üçün görülən hər bir tədbiri çox yüksək qiymətləndiririk. Bununla əlaqədar, Lüksemburqa qısamüddətli səfərim zamanı Rusiya səfirliyində olmaq imkanı mənim üçün çox böyük hadisədir. Mən sizi salamlayıram və Rusiya ilə dostluğa və əməkdaşlığa sadiqliyimizi bir daha qeyd edirəm.

Rusiyanın Lüksemburqdakı səfiri Aleksandr Qluxov Azərbaycan Prezidenti Heydər Əliyevə bu səmimi sözlərinə görə, öz böyük həmvətəninə ehtiram göstərmək üçün Rusiya səfirliyinə gəldiyinə görə təşəkkürünü bildirərək qeyd etdi ki, azərbaycanlılar kimi, ruslar da Nizami Gəncəviyə rəğbətlə yanaşırlar. O dedi ki, səciyyəvi haldır ki, keçmiş SSRİ respublikaları tərəfindən səfirliyin qalereyasına təqdim edilmiş bütün təsvirlər arasında yalnız Azərbaycanın hədiyyəsi fərdi xarakter daşıyır. Beləliklə, Azərbaycan xalqı öz millətinə münasibətini Nizami Gəncəvinin abidəsi vasitəsilə ifadə etmişdir. Bu da gözəl haldır.

Prezident Heydər Əliyevin Rusiya səfirliyinə gəlməsini A.Qluxov Rusiya ilə Azərbaycan arasında münasibətlərin rəmzi kimi qiymətləndirdi. Səfir dedi: Belə düşünürəm ki, Rusiya tərəfindən Azərbaycana bəslənən xoş münasibətlər əbədi olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin