RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PAKİSTANIN BAŞ NAZİRİ BƏNƏZİR BHUTTO İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və dostluq şəraitində keçən görüşdə Prezident Heydər Əliyev xanım Bənəzir Bhutto ilə bir daha görüşməsindən çox şad olduğunu söylədi. Xanım Bhutto da Heydər Əliyevlə görüşməsinə çox sevindiyini bildirdi və öz ölkəsinin Prezidenti Fərrux Əhməd xan Leqarinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Cənab Leqarinin ölkəmizə səfərindən razılıqla söhbət açan Prezident Heydər Əliyev dedi ki, biz indi də xanım Bhuttonu Azərbaycanda görmək istəyirik. Baş nazir bildirdi ki, Prezident Heydər Əliyev Pakistana rəsmi səfərə gələndən sonra o, mütləq Azərbaycana səfər edəcəkdir. Dövlətimizin başçısı Azərbaycanda xanım Bhuttoya böyük sevgi və məhəbbət olduğunu söylədi. Xoş sözlərə görə minnətdarlğını bildirən Baş nazir Azərbaycan və Pakistan xalqları arasında dərin dostluq əlaqələri olduğundan bəhs etdi.
Respublikamızın rəhbəri bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini əzmkarlıqla müdafiə etdiklərinə görə Pakistan dövləti və hökumətinin başçılarına minnətdarlığını bildirdi. Xanım Bhutto isə ağrılı məsələ olan Kəşmir probleminin müzakirələrində Prezident Heydər Əliyevin şəxsində Azərbaycanın Pakistana verdiyi dəstəyi heç vaxt unutmayacaqlarını söylədi.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da sıxlaşdırılmasının vacibliyindən danışan Baş nazirin fikrincə, Azərbaycana sərmayə qoymaq Pakistan üçün çox sərfəlidir. Çünki Azərbaycan sabit bir dövlətdir. Xanım Bhutto Azərbaycanda həyata keçirilən qətiyyətli tədbirlərə görə Prezident Heydər Əliyevi alqışladığını söylədi və onun bütün addımlarını diqqətlə izlədiyini bildirdi.
Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs edən Heydər Əliyev bu əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkə tərəfdən səylərin daha da artırılacağına əmin olduğunu söylədi.
Görüşün sonunda xanım Bənəzir Bhutto Azərbaycan Prezidentini bir daha Pakistana rəsmi səfərə dəvət etdi.