AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ ERMƏNİSTAN PREZİDENTİ LEVON TER–PETROSYAN İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11-də onun Ermənistan Prezidenti Levon Ter-Petrosyan ilə qısa görüşü olmuşdur.
Tərəflər 20 aydan bəri davam edən atəşkəs rejimini yüksək qiymətləndirdiklərini bildirdilər. Söhbət zamanı atəşkəsin daimi sülhə çevrilməsi zərurəti vurğulandı.
Prezidentlər Ermənistan-Azərbaycan münaqişəsinin yalnız sülh və danışıqlar yolu ilə aradan qaldırılmasının dövlətlərin mənafeyinə uyğun olduğunu bildirdilər. Onlar eyni zamanda bunu da vurğuladılar ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların davam etdirilməsi ilə yanaşı, Azərbaycanla Ermənistan arasında başlanmış dialoq, birbaşa təmaslar daha da genişləndirilməlidir. Prezidentlər dedilər ki, Ermənistan və Azərbaycan arasında böyük sülh sazişi imzalanmalıdır. Qərara alındı ki, ölkələrimiz arasında birbaşa dialoq, təmaslar həm ekspertlər, həm prezidentlər səviyyəsində davam etdirilsin.
Azərbaycan və Ermənistan prezidentləri arzu etdiklərini bildirdilər ki, 1996-cı il sülh ili olsun və münaqişəyə birdəfəlik son qoyulsun, tarixən qonşu olan dövlətlərimiz sülh şəraitində yaşasınlar və ölkələrimiz arasında normal münasibətlər bərpa edilsin.
Görüşdə istər Minsk qrupu çərçivəsində, istərsə də birbaşa danışıqların səmərəliliyinin artırılması üçün hər iki Prezident öz tərəflərindən lazımı tədbirlər görəcəklərini bildirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var