RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVOMBUDSMANLARIN II BEYNƏLXALQ DƏYİRMİ MASA İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Prezident sarayında Ombudsmanların II Beynəlxalq dəyirmi masa iştirakçılarını qəbul etmişdir. Prezident İlham Əliyev ayrı-ayrı ölkələrin ombudsmanlarından ibarət nümayəndə heyətini səmimi salamlayaraq, bu mühüm tədbirin Bakıda keçirilməsini ölkəmizin həyatında əhəmiyyətli hadisə kimi dəyərləndirdi. Bu demokratik təsisatın Azərbaycanda yeni olmasına baxmayaraq, səmərəli fəaliyyət göstərdiyini bildirən dövlət başçısı dedi ki, insan hüquqları ilə bağlı məsələlər bütün ölkələr, o cümlədən yeni müstəqillik qazanmış Azərbaycan dövləti üçün böyük əhəmiyyətə malikdir. Ölkə rəhbərliyi insan hüquq və azadlıqlarına tam riayət olunmasını özünün öncül vəzifələrindən hesab edir. Prezident İlham Əliyev erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından qaçqın düşmüş 1 milyondan çox azərbaycanlının ən adi insan hüquqlarının pozulduğuna qonaqların diqqətini cəlb edərək dedi ki, Azərbaycan rəhbərliyi həm öz imkanları, həm də beynəlxalq təşkilatların səyləri hesabına onların hüquqlarının bərpasına çalışır. Müstəqil dövlətimizdə demokratiya proseslərinin daha geniş vüsət alması və insan hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atıldığını söyləyən Prezident İlham Əliyev insan hüquqları müvəkkillərinin toplantısının həm də ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu vurğuladı. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova səmimi qəbula görə görüş iştirakçıları adından təşəkkürünü bildirdi. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti Kler Lyuis, Avropa Ombudsmanlar İnstitutunun icraçı direktoru Nikolaus Şvartsler və digərləri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə parlaq qələbəsi münasibətilə təbrik etdilər və xoş arzularını çatdırdılar. Rusiyanın Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakova müdrik siyasətçi Heydər Əliyevin Azərbaycan-Rusiya əlaqələrinin inkişafında müstəsna xidmətlərini qeyd edərək, Prezident İlham Əliyevin onun siyasətini davam etdirəcəyinə əmin olduğunu söylədi. O, Azərbaycan dövlətinin başçısına vilayətin qubernatoru Eduard Rosselin salamlarını da çatdırdı. MDB ölkələrindən gəlmiş digər ombudsmanlar – Özbəkistanın nümayəndəsi Marat Yusupov, Ukraynanın nümayəndəsi Eduard Pavlenko, Moldovanın nümayəndəsi Alina Yanuçenko Azərbaycanda baş verən iqtisadi tərəqqidən və insan hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən ətraflı bəhs etdilər. Prezident İlham Əliyev səmimi sözlərə görə qonaqlara təşəkkürünü bildirdi. O, görkəmli siyasi xadim Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini, demokratiyanın inkişafı yönündə səylərini davam etdirəcəyini söylədi. Qəbulda Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edirdi.(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir)