RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Prezident sarayında Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stançinanın etimadnaməsini qəbul etmişdir.
Almaniyalı diplomat Prezident sarayında fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Per Kristofer Stançina etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. O, Azərbaycana səfir təyin edilməsini özü üçün yüksək mükafat kimi dəyərləndirdi, federal hökumətin Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyada qarşılamaqdan məmnun olacağını bildirdi.
Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasının Azərbaycanın dünya siyasəti və iqtisadiyyatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan səfir, cari ilin sonunda Almaniyada keçiriləcək Azərbaycan-Almaniya iqtisadi tədbirini hər iki ölkə üçün vacib hadisə kimi dəyərləndirdi. O, öz ölkəsinin Azərbaycanın Avropa İttifaqının yeni qonşuluq siyasətinə qoşulması üçün də səyini əsirgəmədiyini diqqətə çatdırdı.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsinin Azərbaycan üçün yaratdığı çətinlikləri yaxşı bildiyini, bu münaqişə həll edilmədən Azərbaycanın öz potensialından tam istifadə etməsinin qeyri-mümkünlüyünü vurğuladı.
Per Kristofer Stançina Almaniyanın münaqişənin sülh yolu və beynəlxalq hüquq normaları əsasında həllinə ümid etdiyini bildirdi. Almaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səyini əsirgəməyəcəyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev səfirlə xatirə şəkli çəkdirdi.
Sonra dövlətimizin başçısı səfirlə səmimi söhbət etdi, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün həqiqətən böyük potensial imkanlar olduğunu bildirdi, Almaniyaya uğurlu rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsinə təkan verdiyini vurğuladı.
Azərbaycanın Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə mühüm əhəmiyyət verdiyini söyləyən Prezident İlham Əliyev, Azərbaycan-Almaniya əlaqələrinin bütün sahələrdə inkişafının vacibliyini vurğuladı, bu baxımdan reallaşdırılacaq birgə iqtisadi layihələrdən hər iki ölkənin bəhrələnəcəyini bildirdi.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.