RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVSTRİYANIN İQTİSADİYYAT VƏ ƏMƏK NAZİRİ MARTİN BARTENŞTAYNIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Prezident sarayında Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenştaynın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında iqtisadi əlaqələrin geniş sahələri əhatə etdiyini, bir sıra Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini qeyd etdi. Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında əlaqələrin bundan sonra da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Martin Bartenştayn Azərbaycana səfəri çərçivəsində artıq bir sıra səmərəli görüşlər keçirdiyini bildirdi. Qonaq səfər zamanı imzalanacaq sənədlərin ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağını qeyd etdi.