RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞEVRON-AVRASİYA ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU QAY HOLLİNQSVORTU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Prezident sarayında Şevron-Avrasiya şirkətinin icraçı direktoru Qay Hollinqsvortu qəbul etmişdir.
Ölkəmizə səfərə gəlməkdən məmnunluğunu bildirən qonaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ikinci ildönümünün gələn həftə tamam olması ilə əlaqədar dövlətimizin başçısına dərin hüznlə başsağlığı verdi. O, Azərbaycan ilə Şevron-Avrasiya şirkətinin əməkdaşlığının genişlənəcəyinə əmin olduğunu vurğuladı.
Cənab Qay Hollinqsvortun Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərləri ilə keçirdiyi görüşdən xəbərdar olduğunu nəzərə çarpdıran Prezident İlham Əliyev dedi ki, sizin gələcəkdə Azərbaycanda həyata keçirmək istədiyiniz layihələr barədə mənə məlumat verilmişdir. Bütün bunlar çox böyük önəm daşıyır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarı və iştirakçılarındandır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsi başa çatmışdır. Bu, dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün gözəl zəmin yaratmışdır.