RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ QƏBUL ETMİŞDİR
Heydər Əliyev demişdir ki, Fransaya səfərim zamanı biznesmenlər qarşısında çıxış edərkən mən onları Azərbaycanla əməkdaşlığa dəvət etmişdim. İndi çox şadam ki, “Spi-batinyol” kimi böyük bir şirkət bu dəvəti qəbul etmişdir.
Azərbaycan dövlətinin başçısına Fransa şirkətinin işinin xüsusiyyətləri barədə qısa məlumat verilmişdir. 33 min işçisi olan “Spi-batinyol” şirkətinin illik dövriyyəsi 5 milyard dollardır. Bu, onu Fransada mülki tikinti, neft kəmərlərinin çəkilməsi, elektrik avadanlığı, sürət qatarları istehsalı, aeroportlar, bəndlər tikintisi sahəsində ixtisaslaşan ən böyük şirkətlərdən biri kimi səciyyələndirir.
Cənab Renye əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasındakı əməkdaşlıq Azərbaycanın Fransada daha yaxşı tanınmasının təminatı olacaqdır. O demişdir: Buna görə də Fransa-Azərbaycan Sənaye Ticarət Palatasının və Fransa Sahibkarlarının Milli Mərkəzi çərçivəsində Azərbaycanı dəstəkləmə qrupunun yaradılması barədə planlarımızın həyata keçirilməsində sizin köməyinizə bel bağlamaq istərdim. Zənnimcə, bu, sahibkarların səylərini birləşdirməyə kömək edəcək və ölkələrimiz arasında əməkdaşlığa yeni təkan verəcəkdir.
Heydər Əliyev fransız biznesmeninin təkliflərini bəyənərək qeyd etmişdir ki. bunların həyata keçirilməsi üçün Azərbaycan tərəfi əlindən gələni edəcəkdir.
Qəbulda respublika Baş nazirinin birinci müavini Fuad Quliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Ramiz Abutalıbov, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jan Perrən iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri