SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Mərkəzi Seçki Komissiyası cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini qeydə almaq barədə qərar çıxarmışdır.
Daha sonra gündəlikdə nəzərdə tutulmuş digər məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Milli Konqres Partiyasına, habelə seçicilərin “Böyük Azərbaycan” təşəbbüs qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Elşad Musayevə əlavə imza vərəqələri verilməsi üçün müraciətlərə baxılması haqqında komissiya üzvlərini məlumatlandırmışdır. Mərkəzi Seçki Komissiyası Milli Konqres Partiyasına və prezidentliyə namizədliyi seçicilərin “Böyük Azərbaycan“ təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Elşad Musayevə əlavə imza vərəqələri verilməsini qərara almışdır.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Vəfa Adil qızı Dəmirovanın Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə 55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının üzvlüyündən öz xahişi ilə vaxtından əvvəl azad edilməsi barədə məlumat vermişdir. Komissiya bu xahişə əməl olunmasını qərara almışdır.
İclasda Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar bəzi sənəd nümunələrinin təsdiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudovun məlumatı dinlənilmiş, həmin sənədlər əsas kimi qəbul olunmuşdur.
Sonda cari məsələlərə baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin, Yaponiya, Türkiyə, İsrail, ABŞ, Polşa səfirliklərinin təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.