RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV MACARISTAN RESPUBLİKASININ PREZİDENTİ ARPAD HENTS İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada Macarıstan Respublikasının Prezidenti Arpad Hents ilə görüşmüşdür.

Heydər Əliyev onunla Budapeştdəki görüşünü məmnuniyyətlə xatırladığını söylədi. Macarıstan Prezidenti də bu görüşdən məmnun olduğunu və Heydər Əliyevlə yenidən görüşməyi çoxdan arzuladığını bildirdi. Cənab Arpad Hents dedi ki, regiondakı vəziyyətlə bağlı Heydər Əliyevdən hərtərəfli məlumat almağa ATƏT-in sədri kimi onun çox ehtiyacı vardır.

Heydər Əliyev Ermənistan-Azərbaycan müharibəsi barədə Arpad Hentsə ətraflı məlumat verdi, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu yaxınlarda Bakıya səfər etdiyini söylədi, bu səfər zamanı ATƏT sədrinin xüsusi məsələlər üzrə nümayəndəsi cənab Diarmati ilə görüşündən razılıqla söhbət açdı.

Prezident Arpad Hents dedi ki, o, cənab Diarmatini həmin səfərdən sonra qəbul etmiş, regiondakı vəziyyət və sülh danışıqlarının hazırkı vəziyyəti barədə ondan hərtərəfli məlumat almışdır. Macarıstan Prezidentinin fikrincə, cənab Diarmati çox təcrübəli diplomatdır və münaqişənin aradan qaldırılmasında üzərinə düşən vəzifəni həyata keçirməyə ciddi səy göstərəcəkdir.

Heydər Əliyev Ermənistan-Azərbaycan hərbi münaqişəsinin həll olunması, ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin edilməsi ilə əlaqədar ATƏT-in Budapeşt Zirvə toplantısında qəbul olunmuş tarixi qətnamənin həyata keçiriləcəyinə böyük ümid bəslədiyini bildirdi.

Prezident Arpad Hents yaxın günlərdə atəşkəsin bir ilinin tamamlanacağı barədə məlumatı olduğunu söylədi və bunu mühüm nailiyyət kimi qiymətləndirdi.

Azərbaycan Prezidenti də bu fikirlə razı oldu, ölkəmizin atəşkəsə sadiq qaldığını və Böyük sülh sazişi imzalanana qədər ona əməl edəcəyini vurğuladı. Heydər Əliyev dedi ki, atəşkəsdən istifadə edərək sülh sazişini imzalamaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və qaçqınların öz yurd-yuvalarına qaytarılmasına nail olmaq lazımdır.

Görüşdə cənab Hents Azərbaycanın qonşu dövlətlərlə və Qərb ölkələri ilə münasibətləri, müharibənin sülh yolu ilə başa çatması üçün ATƏT-in ilk növbədə hansı tədbirlər görməsinin vacibliyi və ümumiyyətlə bu problemin həlli yollarının nədən ibarət olması barədə Prezident Heydər Əliyevin fikirlərini öyrənməyə ciddi maraq göstərdiyini bildirdi. İki saata qədər davam edən görüş zamanı Heydər Əliyev bütün bu məsələlər barədə Arpad Hentsə ətraflı məlumat verdi.

Azərbaycan dövlətinin başçısı bir daha bildirdi ki, ölkəmizin mövqeyi tamamilə ədalətlidir və BMT-nin, ATƏT-in prinsiplərinə hörmət edilməsini tələb edən mövqedir. Respublikamızın rəhbəri əmin olduğunu bildirdi ki, cənab Arpad Hents və Macarıstan dövləti bu sahədə Azərbaycana əsaslı yardım edə bilər və xalqımız Macarıstandan belə bir kömək umur.

Görüşün sonunda Heydər Əliyev bir daha ümidvar olduğunu bildirdi ki, Qarabağ münaqişəsi məhz Macarıstanın ATƏT-ə sədrlik etdiyi dövrdə həll ediləcəkdir. O, Arpad Hentsi ölkəmizə rəsmi səfərə dəvət etdi. Macarıstan Prezidenti bu dəvəti məmnuniyyətlə qəbul etdi və münaqişənin aradan qaldırılması üçün əlindən gələni edəcəyinə söz verdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin