AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN ANIM GÜNÜ
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Yazıçılar Birliyinin Natəvan klubunda “Şam” ədəbi məclisinin üzvləri 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişlər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, İlyas Əfəndiyev adına Elitar Gimnaziya şagirdlərinin ifasında dövlət himni səslənmişdir.
“Ədəbiyyat” qəzetinin baş redaktoru şair Ayaz Vəfalı çıxış edərək, Qanlı Yanvar hadisələrindən, həmin ərəfədə ziyalılarımızın başına gətirilən faciələrdən danışmış, azadlıq uğrunda mübarizələrdə şair və yazıçılarımızın göstərdiyi fədakarlığı yada salmışdır.
Şairlər Fikrət Sadıq, Oqtay Rza, Simuzər Nüsrətbəyli, Firəngiz Ulutürk xalqın o dəhşətli günlərdəki birliyindən danışmış, Qanlı Yanvara həsr olunmuş seirlər oxumuşlar.