CƏMİYYƏT
AZƏRTAC-ın əməkdaşları növbəti beynəlxalq vebinarda iştirak ediblər
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyi (UNA), İƏT-in Baş Katibliyinin İnformasiya-Media İdarəsi və İslam Ölkələri Radioyayım Birliyinin təşkilatçılığı ilə “Böhranlar və feyk xəbərlərin yayılması şəraitində faktların dəqiqləşdirilməsi yolları” mövzusuna həsr edilmiş vebinar keçirilib.
Vebinarda İƏT-ə üzv ölkələrin milli xəbər agentliklərinin və teleradio şirkətlərinin nümayəndələri, eləcə də AZƏRTAC-ın fransız dilində informasiya bölməsinin əməkdaşları, ümumilikdə İƏT-ə üzv ölkələrdən 100-ə yaxın media işçisi və ekspert iştirak edib.
Mühazirəçi, Tunisin Manuba Universitetinin Mətbuat və İnformasiya Elmləri İnstitutunun dosenti, doktor əs-Sadiq əl-Həmmami feyk xəbərlərdən və onların yayılmasından danışıb, böhranlı vəziyyətlərdə insanların düzgün məlumatlandırılmasında rəsmi xəbər agentliklərinin artan rolunu, jurnalist peşəkarlığının əhəmiyyətini vurğulayıb. Mühazirəçi sosial şəbəkələrdə yayılmış fotovideo informasiyaların həqiqətə nə dərəcədə uyğun olduğunu dəqiqləşdirmək yolları barədə təcrübələri bölüşüb.
Daha sonra tədbir sual-cavab şəklində davam etdirilib.
Xatırladaq ki, iyunun 8-də UNA-nın və İƏT-in Baş Katibliyinin İnformasiya-Media İdarəsi tərəfindən ərəb dilində eyni mövzuda keçirilmiş vebinarda AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin əməkdaşları iştirak etmişdilər.
AZƏRTAC İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birləşdirən UNA-nın İcraiyyə Şurasının 12 üzvündən biridir. 1972-ci ildə təsis olunan bu media qurumunun əsas məqsədi İƏT-ə üzv ölkələr arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. UNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.