AZƏRTAC-ın komandası minifutbol turnirində növbəti dəfə qələbə qazanıb
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
AZƏRTAC-ın komandası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində növbəti qələbəsini qazanıb. Yanvarın 28-də turnirdə C qrupunda mübarizə aparan komanda 10-cu turda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) kollektivi ilə üz-üzə gəlib.
Görüş AZƏRTAC-ın komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
AZƏRTAC ilk oyunda Müdafiə Nazirliyinin kollektivinə 3:2 hesabı ilə qalib gəlib, sonrakı matçda Dövlət Miqrasiya Xidməti ilə görüşdə heç-heçə qeydə alınıb - 3:3. Üçüncü qarşılaşmada agentliyin oyunçuları Dövlət Statistika Komitəsinin futbolçuları üzərində 3:1 hesablı qələbə qazanıblar. Növbəti turda AZƏRTAC - Bakı Metropoliteni komandalarının qarşılaşması 5:2 hesabı ilə metropoliten işçilərinin üstünlüyü ilə yekunlaşıb. Beşinci turda komanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 3:4 hesabı ilə məğlub olub. Altıncı turda AZƏRTAC-ın kollektivi Əqli Mülkiyyət Agentliyinə böyük hesabla qalib gəlib – 8:0. Yeddinci turda Dövlət Reklam Agentliyinin kollektivini 6:1 hesabı ilə məğlub edib. Səkkizinci turda isə AZƏRTAC-ın komandası istirahət edib. Ötən turda isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin kollektivinə 7:1 hesabı ilə uduzub.
AZƏRTAC-ın kollektivi XI tur çərçivəsində növbəti oyununu fevralın 5-də Kənd Təsərrüfatı Nazirliyinin komandasına qarşı keçirəcək.
Mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar dörd qrupa bölünüb. Qrupların hər birində 13 komanda yer alıb.
C qrupunda AZƏRTAC-la yanaşı, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) komandaları yarışır.
Qrup mərhələsinə fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bu raundun oyunları martın 4-26-da təşkil olunacaq. İkinci mərhələyə yüksəlmiş 16 komanda dörd qrupa bölünəcək. Bu raundun oyunları aprelin 1-dən 23-dək keçiriləcək. Qrupun qalibi olan komandalar “Dördlər final”a vəsiqə qazanacaqlar.








Xəbərin mətnində orfoqrafik səhv var