ELM VƏ TƏHSİL
“Abituriyent” jurnalının xüsusi buraxılışında keçid balları açıqlanıb
Bakı, 28 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının beşinci nömrəsi və bu dərginin xüsusi buraxılışını nəşr etdirib.
DİM-dən AZƏRAC-a bildirilib ki, “Abituriyent” jurnalının beşinci nömrəsində orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi elanı, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar yer alıb. “Abituriyent” jurnalının xüsusi buraxılışında isə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc olunub.
Müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir. Çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə, burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.
Jurnalları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.