REGİONLAR
Abşeron rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilib
Xırdalan, 1 dekabr, AZƏRTAC
Beynəlxalq Əlillər Günü ərəfəsində Abşeron rayonunun Xırdalan şəhərində “İstedadlı Əlillər“ İctimai Birliyinin təşkilatçılığı ilə 3 dekabr- Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Birliyin üzvlərinin əl işləri və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədova tədbirdə çıxış edərək bildirib ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyi qeyd edilib.
Tədbirdə çıxış edən gündən-günə çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.