REGİONLAR
Abşeron rayonunda təşkil olunan Novruz yarmarkası alıcıların ürəyincədir
Xırdalan, 17 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədilə martın 16-dan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu gündən hər gün işləyən yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilir. Yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazarda mövcud qiymətlərdən 25-30 faiz ucuz təklif olunur.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova yarmarkaya baş çəkərək alış-veriş üçün yaradılan şəraitlə, məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıb, həm satıcılarla, həm də alıcılarla söhbət edib, onların təkliflərini dinləyib. İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi, satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Novruzun ənənəvi personajları Keçəl və Kosa məzəli çıxışları ilə yarmarkaya xüsusi ovqat qatıblar. Bayram yarmarkasına çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.