SİYASƏT
Ədliyyə orqanlarında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ədliyyə orqanlarında geniş qeyd edilir.
Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan dahi Heydər Əliyevin xalqımızın müstəqillik arzusunun və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir müstəqil dövlətimizin qurulması və hərtərəfli tərəqqisində, demokratik, hüquqi dövlət quruculuğunun, mütərəqqi hüquqi islahatların uğurla həyata keçirilməsində, o cümlədən ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşması və inkişafında misilsiz xidmətləri və rolu danılmazdır.
Mayın 7-də Ədliyyə Nazirliyindəki Heydər Əliyev Muzeyində nazir Fikrət Məmmədovun, kollektivin, gənc ədliyyə işçilərinin iştirakı ilə Ulu Öndərin doğum gününə həsr olunmuş mərasim keçirilmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin nazirliyin binasındakı büstü önünə tər çiçəklər qoyulmuş, Ulu Öndərin əziz xatirəsi anılmışdır.
Mərasimdə Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən və xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsindən danışılmışdır.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi çətin vaxtlarda dahi şəxsiyyətin misilsiz fəaliyyətinin bilavasitə şahidi olmuş Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyev ilə bağlı zəngin təəssüratlarını və xatirələrini bölüşmüşdür. O, dahi öndərin çətin tarixi şəraitdə xilaskarlıq missiyasından bəhs etmiş, titanik siyasi fəaliyyəti sayəsində ölkəmizi hərtərəfli intibah yoluna çıxararaq Ümummilli Lider zirvəsinə yüksəldiyini vurğulamış, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləmişdir.
Nazir Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyi yolunda müdrik və qətiyyətli addımlar atmasından, Vətəninə və millətinə sonsuz xidmətləri ilə doğma xalqının qəlbini fəth etməsindən bəhs etmişdir. Ədliyyə naziri Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişdir.
Tədbirdə Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən irimiqyaslı işlər və əldə olunan möhtəşəm nailiyyətlər xüsusi vurğulanmış, dahi öndərin irsinin ürəklərə yol tapmasında Heydər Əliyev Fondunun çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti qeyd edilmişdir.
Ədliyyə işçiləri dahi rəhbərin milli dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində Prezident İlham Əliyevə layiqli yardımçı olacaqlarını söyləmişlər.
Tədbir iştirakçıları Ulu Öndərin doğum günü ilə əlaqədar Heydər Əliyev Muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olmuşlar. Nazirlikdə xüsusi stend hazırlanmış, kinozalda Ümummilli Liderə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.
Əlamətdar gün münasibətilə nazirliyin struktur qurumlarında silsilə tədbir keçirilmişdir.