REGİONLAR
Əfv olunan 12 məhbus Şəki Penitensiar Müəssisəsindən azadlığa buraxılıb VİDEO
Şəki, 29 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 28-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsi tərəfindən də icra olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 29-da müəssisədə cəza çəkən 12 məhbus azadlığa buraxılıb.
Bu münasibətlə keçirilən tədbirdə Şəki Penitensiar Müəssisəsinin rəhbəri Murtuz Sadıxov və başqaları çıxışlarında əfv olunanları təbrik edib, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində onların yaşadıqları sevincin gələcəkdə digər məhkumlara da nəsib olmasını arzulayıblar.
Əfv olunanlardan üç nəfəri Şəki, üçü Mingəçevir, ikisi Yevlax, həmçinin hər rayondan bir nəfər olmaqla, Ağdam, Ağsu, Balakən və Oğuz sakinləridir.
Azadlığa çıxan məhbusların ailə üzvləri və yaxınları bu humanist addıma görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.