CƏMİYYƏT
Ağ ayılar Yeni Torpaq arxipelaqındakı qəsəbəni tərk ediblər
Bakı, 19 fevral, AZƏRTAC
Ağ ayılar Yeni Torpaq arxipelaqındakı Beluşya quba qəsəbəsinin ətrafındakı əraziləri tamamilə tərk ediblər.
AZƏRTAC bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir.
Fevralın 9-dan başlayaraq Yeni Torpaq arxipelaqında yaşayış məntəqələrinin ərazilərinə ağ ayıların hücumu səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib. Beluşya quba qəsəbəsi ərazisində 53 ağ ayı görünüb, heyvanların aqressiv davranışı, onların evlərə və xidməti yerlərə soxulması halları qeydə alınıb. Problemin aradan qaldırılması məqsədi ilə fevralın 14-də arxipelaqa “Rosprirodnadzor”un təşkil etdiyi alimlər və ekspertlər qrupu göndərilib.
Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üzrə yerli komissiya tərəfindən fevralın 19-u fövqəladə vəziyyət rejimi dayandırılıb. Ayıların qəsəbədən çıxmalarının səbəbi kimi onların gəzdikləri yerlərdə buzun əmələ gəlməsi və “çağırılmayan qonaqlar”ı yaşayış yerlərindən uzaqlaşdıran qrupun işi göstərilir.