REGİONLAR
Ağbulaqda keçirilən təlim-treninqdə xilasedicilər və tibb işçiləri iştirak ediblər
Şahbuz, 20 fevral, AZƏRTAC
Muxtar respublikanın ən səfalı guşələrindən olan Şahbuz rayonunun Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsindəki yeni həkim ambulatoriyasında dağ-xizək travmaları zamanı ilkin tibbi yardıma dair xilasedicilər və tibb işçilərinin iştirakı ilə təlim-treninq keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim-treninq ambulatoriyanın açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın Səhiyyə Nazirliyinə Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə verdiyi tapşırığın icrası ilə əlaqədar təşkil edilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rəcəb Səfərov qeyd edib ki, muxtar respublikanın mühüm turizm bölgəsinə çevrilən Ağbulaq kəndində yeni istifadəyə verilən həkim ambulatoriyasında və təcili tibbi yardım avtomobilində dağ-xizək travmalarının qarşısının alınması üçün hər cür tibbi ləvazimat və avadanlıqlar mövcuddur.
Tədbirdə tibbi avadanlıqlardan istifadə qaydaları əyani izah edilib, ambulatoriyaya xilasedicilər tərəfindən gətirilən zərərçəkənə taktiki ilk tibbi yardım göstərilib.
Təlim daha sonra Ağbulaq Xizək Mərkəzində davam etdirilib. Xizəkdən və kanatdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi, həkim ambulatoriyasına göndərilməsi ilə bağlı proseslər əyani izah edilib.
Təlim-treninqdə qanaxmanın, sınıqların növləri, buruntular vasitəsilə qanaxmanın dayandırılması, yaranın təmizlənməsi, sarğının, turnanın qoyulması, şinanın, tamponun tətbiq edilməsi mulyaj üzərində aparılıb, videogörüntülərlə müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.