CƏMİYYƏT
Ağcabədidə UZRQM partladıcısı aşkar olunub
Bakı, 29 fevral, AZƏRTAC
Fevralın 28-də saat 15:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Şotlanlı kəndi ərazisində 1 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd UZRQM partladıcısı aşkar olunub. Sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.