CƏMİYYƏT
Ağcabədidə satış üçün hazırlanan ölmüş heyvan cəmdəyi aşkar edilib
Bakı, 20 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində axşam saatlarında vətəndaş İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsinə baxış keçiriblər.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kəsim yerində istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran və satış üçün hazırlanmış 82 kiloqram çəkisi olan heyvan cəmdəyi aşkar olunub.
Əməkdaşlar tərəfindən aşkarlanmış istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.