REGİONLAR
Ağdamda “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusu müzakirə edilib
Ağdam, 19 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu Quzanlı qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağdam Musiqi Kollecində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, dindarlar, təhsil və mədəniyyət işçiləri, gənclər iştirak edib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov tədbiri açaraq rayonda dini durumun sabit olduğunu bildirib, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərindən, milli mənəvi və İslami dəyərlərin qorunması, təbliği sahəsində görülən işlərdən, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb.
Bildirilib ki, tarix boyu Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma baş verməyib. Bütün dinlərin, məzhəb və təriqətlərin nümayəndələri dinc, sabitlik, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar.
Diqqətə çatdırılıb ki, bu gün dünyada dini radikalizm meylləri güclənməkdə, bəşəriyyət üçün ciddi təhlükəyə çevrilməkdədir. Odur ki, ziyalılar və din xadimləri, bütövlükdə cəmiyyət dini radikalizmlə mübarizədə fəal olmalı, bu işdə dini icmaların rolu artırılmalıdır. Dini radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını alınmasında maarifləndirmə işinin təşkili xüsusi önəm kəsb edir.
Tədbirdə rayon ziyalısı Hüseyn Bayramov, Seyid Lazım Ağa ocağının axundu Seyid Yusif Ağa mövzu ətrafında çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.