REGİONLAR
Ağdamda gənclərin zərərli vərdişlərdən qorunması müzakirə olunub
Ağdam, 23 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu “Dördyol-1” qəsəbəsindəki mədəniyyət evində “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Gənclərin zərərli vərdişlərdən qorunması" mövzusunda maarifləndirici tədbir keçirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə qəsəbə sakinləri, ziyalılar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov çıxış edərək, xalqımızın zəngin mənəvi dəyərlərindən danışıb və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasında bu dəyərlərin öyrənilməsinin, qorumasının önəmini vurğulayıb.
Ağdam Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev gənclərin və yeniyetmələrin zərərli ideologiyalardan, pis vərdişlərdən qorunması yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən işləri diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov Azərbaycanda əsrlərboyu formalaşan və bu gün dünyaya örnək olan mənəvi dəyərlərdən, tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından, gənclərin yad dini ideologiyadan qorunmasından, dövlət-din münasibətlərindən danışıb. Bildirib ki, vətənsevərlik, Azərbaycançılıq, tolerantlıq, multikulturalizm, ailə birliyinin önəmi, qonaqpərvərlik, böyüyə hörmət, adətlərimiz bizim mənəvi dəyərlərimizdir. Xalqımız hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq inkişaf etdirib. Keçid dövründə milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları təbliğ etməyə çalışıblar. İnsanları, xüsusilə də gəncləri din pərdəsi altında yad ideologiyanın təsiri altına salmağa cəhdlər indi də var. Lakin Azərbaycanda dövlət-din siyasəti düzgün həyata keçirilir. Dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası var. Qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısı alınır. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində tədbirlər görülür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam şöbəsinin müdiri Yaqut Qəhrəmanova, 14 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru Zərif Mehdiyeva və “Dördyol-1” qəsəbə ərazi nümayəndəsi Valeh Abdullayev çıxışlarında zərərli vərdişlər və onların fəsadlarından söhbət açıb, gəncləri bu vərdişlərdən uzaq olmağa çağırıblar. Çıxışlarda milli-mənəvi dəyərlərin qorunması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlam ailə mühitinin formalaşdırılması istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb, gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmi diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.