REGİONLAR
Ağdamda ümumi məhsul istehsalı 4,7 faiz artıb
Ağdam, 13 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
2018-ci ilin birinci yarısında Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 57 milyon 786 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 616,7 min manat və ya 4,7 faiz çoxdur. Bu dövrdə 6 milyon 205 min manatlıq sənaye, 39 milyon 660 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 4 milyon 210 manatlıq tikinti-quraşdırma işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Ağdam rayonunun Quzanlı qəsəbəsində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib. Yığıncaqda ilin altı ayının yekunları təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Quzanlı qəsəbəsində Muğam Mərkəzinin tikintisində son tamamlanma işləri aparılır, 360 şagird yerlik orta məktəbin inşası davam etdirilir.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, ilin birinci yarısında 351 hektar sahədən 5408 ton kartof, 4567,2 hektardan 18 min 475 ton tərəvəz istehsal olunub, 3100 hektarda pambıq, 1569,5 hektarda təzə yonca, 537,1 hektarda şəkər çuğunduru əkilib. 2181 hektar arpa, 14 min 055 hektar buğda sahəsindən 52 min tondan artıq taxıl əldə edilib. Bundan başqa rayon kümçüləri tərəfindən 17 ton 83 kiloqram barama tədarük olunub. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 1251 baş heyvan süni yolla mayalandırılıb, 736 baş sağlam bala alınıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.