REGİONLAR
Ağdamda zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu müzakirə edilib
Ağdam, 18 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Musiqi Kollecində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xındırıstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə "Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollecin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov çıxış edərək, xalqımızın zəngin mənəvi dəyərlərindən danışıb və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasında bu dəyərlərin öyrənilməsinin, qorumasının önəmini vurğulayıb.
Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev çıxışında zərərli vərdişlərin gənclər üçün təhlükəli olmasından, onlara qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolundan, bu sahədə həyata keçirilən dövlət siyasətindən danışıb. Narkomaniya, siqaret və alkoqol kimi zərərli vərdişlərin təkcə insanın fiziki sağlamlığına deyil, həm də şəxsiyyətin formalaşmasına mənfi təsir göstərdiyini diqqətə çatdıraraq, gəncləri belə əməllərdən çəkinməyə çağırıb, onların üzərinə düşən vəzifələrdən, xalqımızın mənəvi dəyərlərinin qorunmasının vacibliyindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov bildirib ki, tolerantlıq, dinə, qanunlara hörmət, ailə birliyi, vətənsevərlik, dilimiz, mədəniyyətimiz xalqımızın milli-mənəvi dəyərləridir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərlərimizi qorumaq hər birimizin müqəddəs borcudur.
Tədbirdə çıxış edən politoloq Hüseyn Bayramov xalqımızın zəngin mənəvi dəyərlərindən söz açıb, gənc nəslin sağlam ruhda, vətənpərvər olaraq formalaşmasında mənəvi dəyərlərin rolunu xüsusi vurğulayıb. Natiq gənclərə zərərli ideologiya və vərdişlərdən uzaq durmağı, sağlam həyat tərzinə həvəsli olmağı, oxumağı, biliklərini daim artırmağı, asudə vaxtlarını düzgün təşkil etməyi, Vətənimiz, dövlətimiz üçün xeyirli vətəndaş kimi yetişməyi tövsiyə edib.
Ağdam Musiqi Kollecinin direktor müavini Rəfail Musayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlığını bildirib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.