REGİONLAR
Ağdaşda “Zəfər” musiqi festivalı keçirilir
Ağdaş, 12 oktyabr, AZƏRTAC
Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri ifaçılarının və xanəndəlik ixtisası üzrə şagirdlərin qatıldığı “Zəfər” musiqi festivalının açılış mərasimi olub. Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Habil Əliyev adına Ağdaş şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərinin, Göyçay şəhər uşaq musiqi məktəbinin, Ucar və Zərdab rayon uşaq incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdaş şəhər uşaq musiqi məktəbində keçirilən festivalın açılışında çıxış edən məktəbin direktoru Rafiq İsgəndərov “Zəfər” musiqi festivalının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qazanılan böyük Qələbəyə həsr olunduğunu vurğulayıb.
Oktyabr-noyabr ayları ərzində keçiriləcək musiqi festivalı çərçivəsində Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən, ümumilikdə 23 uşaq musiqi və incəsənət məktəbinin xalq çalğı alətləri ifaçılarının və xanəndəlik ixtisası üzrə şagirdlərinin iştirakı nəzərdə tutulub. Birinci tur münsiflər heyətinin iştirakı ilə regionlar üzrə Ağdaş, İsmayıllı, Şəmkir və Sabirabad rayonlarında, ikinci tur isə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhər Habil Əliyev adına uşaq musiqi məktəbində keçiriləcək.
Çıxışlar Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının professoru və müəllimlərindən, Xalq artistlərindən ibarət münsiflər heyəti tərəfindən 10 bal sistemi üzrə qiymətləndiriləcək. Yerlər və mükafatlar münsiflər heyətinin qərarı ilə müəyyən ediləcək.
Festival qaliblərinin yekun qala konserti və mükafatlandırılması mərasiminin noyabr ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Zəfər” musiqi festivalı həm də regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi baxımından da əhəmiyyətlidir.