CƏMİYYƏT
Ağdaşda oğurluq edən qardaşlar cinayət məsuliyyətinə cəlb olunublar
Bakı, 28 yanvar, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Şıxlı kəndinin ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartlarının və ərzaq məhsullarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri - Coşqun və Seymur Məmmədov qardaşları saxlanılıblar. Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, S.Məmmədovun rayon ərazisindəki mağazaların birindən 150 manat məbləğində pul, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub iki avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin istintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.