REGİONLAR
Ağdaşda pambıq sahəsini 100 dəfə genişləndirən fermerlər məhsul yığımına başlayıblar
Ağdaş, 9 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda pambıq yığımına başlanılıb. Hazırda kəndlərdə pambıqyığan kombaynların köməyi və əl əməyi ilə işlər sürətlə davam etdirilir. Tarixən pambıqçılıqda böyük ənənəsi olan Ağdaşda bu il 3000 hektar sahədə çiyid səpini aparılıb. Bu da ötənildəkindən 1846 hektar çoxdur. Fermerlər yüksək məhsul götürmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstəriblər. Məhsuldarlığın yüksək olması üçün səriştəli və təcrübəli aqronom və mühəndis kadrlar becərmə işlərinə cəlb edilib.
Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 1154, 2015-ci ildə isə cəmi 30 hektar sahədə pambıq əkini aparılmışdı. Pambıqçılığın inkişafına dövlət dəstəyindən sonra daha da həvəslənən ağdaşlı fermerlər və fərdi təsərrüfat sahibləri 2015-ci illə müqayisədə pambıq əkini sahəsini 100 dəfə artırıblar. Hazırda tarlalarda bol məhsul var. Mütəxəssis rəyləri və pambıq kollarında yetişmiş qozalar deməyə əsas verir ki, bu il ağdaşlı fermerlər hər hektardan 20 sentner olmaqla, ümumilikdə 6 min tona yaxın pambıq tədarük edəcəklər. Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
İdarədən onu da bildiriblər ki, Ağdaşda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlar var. Hələ 1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı. Bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib. Bu sahənin inkişaf etdirilməsi istiqamətində ötən il Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələr, göstərdiyi hərtərəfli kömək artıq öz bəhrəsini verməkdədir.
Ağdaşda əvvəlki illərlə müqayisədə cari ildə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək gələn il rayonda 5 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün hazırlıq işləri görülür, istifadəsiz qalan bütün boş torpaq sahələrinin əkinə cəlb edilməsi nəzərdə tutulur.