ELM VƏ TƏHSİL
Agentlik: Sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 108 patent verilib
Bakı, 3 mart, AZƏRTAC
Prezident İlham Əliyevin “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” 2022-ci il 15 iyun tarixli Fərmanı sənaye mülkiyyəti sahəsində fəaliyyətə böyük təkan verib. Fərmana uyğun olaraq Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr tarixli Qərarı ilə “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk 3 il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiqlənib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan sənədlərin icrası çərçivəsində Agentliyin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi tərəfindən qısa müddət ərzində patent sahibləri ilə görüşlər keçirilib, vahid rəqəmsal baza yaradılıb, perspektivli patentlərin qiymətləndirilməsi və seçilməsi metodikası hazırlanıb və nəticədə bir neçə patentin və patent alma ərəfəsində olan əqli mülkiyyət obyektlərinin tətbiqi üçün maliyyə dəstəyinin göstərilməsi barədə təklif irəli sürülüb. 2022-ci ildə Agentliyə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 271 iddia sənədi (keçən illə müqayisədə 83 ədəd çox), o cümlədən ixtiraya aid 213, faydalı modelə aid 27, sənaye nümunəsinə aid 31 iddia sənədi daxil olub. Bu artım ixtira fəaliyyətinin stimullaşdırılması nəticəsində baş verib.
PCT proseduru üzrə Beynəlxalq Büroya göndərilmək üçün ixtiraya dair 10 iddia sənədi, Avrasiya Patent Təşkilatina (APT) göndərilmək üçün ixtiraya dair 39 iddia sənədi daxil olub. İxtira və faydalı modellərin qeydiyyatı ilə bağlı PCT proseduru üzrə ixtiraya dair 39, faydalı modelə dair 1 iddia sənədi və
konvensiya ilkinliyi istənilməklə ixtiraya dair 9, faydalı modelə dair 2 xarici iddia sənədi daxil olub.
İxtiralar üzrə ekspertizanın müddəti azaldılaraq ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 ay ərzində başa çatdırılıb.
Haaqa proseduru üzrə beynəlxalq sənaye nümunələrinə dair 137 iddia sənədinə dair axtarış aparılıb və axtarışı müsbət nəticələnmiş 135 iddia sənədi barədə məlumatlar Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilib.
2022-ci ildə sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 108 (onlardan 84 milli, 24 xarici), faydalı modellərə dair 31 (onlardan 21 milli, 10 xarici), sənaye nümunələrinə dair isə 22 patent verilib.